Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycanda yeni televiziya ölçmə sisteminin yararadılması ilə bağlı təqdimat tədbiri keçirilmişdir

17 noyabr 2022-ci il tarixdə Azərbaycanda televiziya reytinqlərinin yeni ölçülməsi sisteminin işə salınması münasibətilə təqdimat tədbiri keçirilmişdir. Dünya şöhrətli "Kantar Media" şirkətinin texnoloji dəstəyi ilə ərsəyə gələn sistemin yerli operatoru "MARSA"nın təşkilatçılığı ilə keçirilən tədbirdə Prezident Administrasiyasının, Azərbaycan Respublikası Audiovizual Şurasının, Medianın İnkişafı Agentliyinin səlahiyyətli şəxsləri, bu sahədə tanınmış beynalxalq ekspertlər, Türkiyə, Gürcüstan və Qazaxıstandan olan qonaqlar, ümumölkə yerüstü və peyk televiziya kanallarının rəhbərləri, Azərbaycanda televiziyada reklam yerləşdirən iri şirkətlərin və media agentliklərinin rəsmi şəxsləri iştirak etmişlər.

Tədbirdə hazırda test rejimində çalışan, növbəti ildən isə rəsmi fəaliyyətə başlayacaq yeni reytinq ölçmə sisteminin qurulmasından, sistemin üstünlüklərindən, onun tətbiqi ilə Azərbaycanda televiziya daha sonra da ümumən media reklam bazarına müsbət təsirlərindən və nəticədə televiziya kontentinin daha zəngin və müasir tələblərə cavab verən olacağından söhbət açılmış, çıxışlar edilmişdir.