Media savadlılığı üzrə işçi qrupun (EMIL) birgə toplantısı onlayn formatda keçirilmişdir.
04 noyabr 2022-ci il tarixində Avropa İttifaqının Audiovizual Media Tənzimləyiciləri Qrupunun (ERGA) və Yayım Tənzimləyici Orqanların Avropa Platformasının (EPRA) media savadlılığı üzrə işçi qrupunun (EMIL) birgə toplantısı onlayn formatda təşkil olunmuşdur. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Cəmilə Qəhrəmanova toplantının işində iştirak etmişdir.
İlk olaraq EMIL sədri Maria Donde "Etimad və xəbərlər: xəbər və məlumat savadlılığı necə işləyir?" mövzusu və olunacaq təqdimatlar ilə bağlı ətraflı məlumat vermişdir.
İclasda Fransanın yeni Sorbonna Universitetinin professoru, Divina Frau-Meigs tərəfindən "Dezinformasiya jurnalistika ilə media və informasiya savadlılığı arasında olan münasibətləri necə dəyişdirdi" adlı, Tomson Reuters Fondunun baş meneceri Heba Kandil tərəfindən fondun işləri və layihələrinə həsr olunmuş, Belçikanın KWB Sosial-mədəni təşkilatının koordinatoru Anya Van Boven tərəfindən "Halloween dəhşət turu: ailələr üçün xəbərlər və məlumat savadlılığı" adlı təqdimatlar edilmişdir. Bundan başqa, Guardian Fondunun (Böyük Britaniya) ibtidai təhsil şöbəsinin müdiri Elli Narevska iştirakçılara məktəblərdə və icmalarda xəbər və məlumat savadlılığı haqqında, Şimali Reyn-Vestfaliyanın Dövlət Media İnstitutunun media şöbəsinin referenti Rebeka Vasincki insanların gündəlik rəqəmsal həyatında etibarlı təhlükəsiz zona olan "Zebra" platforması haqqında məlumat vermişlər.
Təqdimatlar və çıxışlardan sonra mövzu ilə bağlı müzakirələr aparılmış, suallar cavablandırılmışdır.