Azərbaycan Respublikası Audiovizual Şurası

Regional medianın inkişafına dair müzakirələrin aparılması məqsədilə Quba şəhərində media nümayəndələri ilə görüş keçirilmişdir

4 noyabr 2022-ci il tarixdə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə regional medianın inkişafına dair müzakirələrin aparılması məqsədilə Quba şəhərində media nümayəndələri ilə görüş keçirilmişdir.

Mətbuat Şurası, Audiovizual Şura və UNEC Tədqiqat Fondunun da təmsil olunduğu görüşün məqsədi regional medianın inkişafı istiqamətində effektiv və zəruri addımların atılması, bu mövzuda həllyönümlü müzakirələrin aparılması, regional mediada sahə yeniliklərinin təbliğinin sürətləndirilməsi və bu prosesdə peşəkar kadrların yaxından iştirakının təmin edilməsi olmuşdur.

Görüşün əvvəlində dövlət himni səsləndirilmiş, Ümummilli liderin və Vətən müharibəsi şəhidlərinin xatirələri 1 dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru  Əhməd İsmayılov açılış nitqində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin ölkə mediasının fəaliyyətində böyük ruh yüksəkliyi yaratdığını vurğulamış, region mediasının kadr potensialının gücləndirilməsinə töhfə verilməsi, media nümayəndələrinin fərdi və peşəkar inkişafının təmin edilməsi məqsədilə müxtəlif layihələrin icrasının zəruriliyini qeyd etmişdir.

Mətbuat Şurasının sədri Rəşad Məcid regional medianın inkişafı istiqamətində Medianın İnkişafı Agentliyinin və Mətbuat Şurasının birgə fəaliyyətinin əhəmiyyətini qeyd etmiş, region mediasında yeniliklərin tətbiqi  məqsədilə atılan addımların ümumilikdə ölkə mediasının inkişafına müsbət təsir göstərəcəyini bildirmişdir.

Görüş regional medianın texniki infrastrukturunun gücləndirilməsi, kadr peşəkarlığının və iqtisadi müstəqilliyinin artırılması mövzusunda müzakirələrlə davam etmişdir.

 

 

Mənbə: Medianın İnkişafı Agentliyi

https://media.gov.az/kommunikasiya/430-Zefer-gunu-erefesinde-Qubada-Ulu-Onder-Heyder-Eliyevin-abidesi-ve-Media-shehidleri-parki-ziyaret-edilib-regional-medianin-inkishafina-dair-muzakireler-aparilib.html