Audiovizual media sahəsində reklam fəaliyyəti ilə bağlı seminar keçirilmişdir
4 noyabr 2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə audiovizual media sahəsində reklam fəaliyyəti ilə bağlı maarifləndirmə seminarı keçirilmişdir.
Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə seminar iştirakçılarına məlumat vermiş, bu cür seminarların təşkili, eləcə də iki qurum arasında əməkdaşlığın televiziya və radioda reklam fəaliyyətinin tənzimlənməsinə töhfə verəcəyini vurğulamışdır.
Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov reklam fəaliyyətinin tənzimlənməsi istiqamətində iki qurum arasında birgə fəaliyyətin təşkil edilməsini yüksək qiymətləndirmiş, bu sahədə nəzərdə tutulan işlərdən danışmışdır.
Seminarda televiziya və radio yayımında reklam və sponsorluğun xüsusiyyətləri, qanunvericiliyin tələbləri, "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununa təklif olunan əlavə və dəyişikliklər, haqsız, qeyri-dəqiq və gizli reklam haqqında qanunvericiliyin tələbləri, Dövlət Xidmətinin reklam fəaliyyətində nəzarət istiqamətləri və digər mövzularda çıxışlar dinlənilmişdir.
Seminar çərçivəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Azərbaycan Respublikası Audiovizual Şurası arasında Birgə Fəaliyyət Planı imzalanmışdır.