Antalya şəhərində EPRA-nın 56-ci Toplantısı keçirilmişdir.
Yayım Tənzimləyici Orqanlarının Avropa Platformasının (EPRA) 56-ci Toplantısı 12-14 oktyabr 2022-ci il tarixlərində qardaş Türkiyənin Antalya şəhərində keçirilmişdir.
Avropanın ən nüfuzlu audiovizual media və yayım tənzimləyicilərinin şəbəkəsi olan EPRA-nın bu toplantısına 47 Avropa dövlətindən 55 audiovizual yayım tənzimləyici təşkilatının, həmçinin, Avropa Komissiyasının, ATƏT-in Media Azadlığı Bürosunun, Avropa Şurası tərkibində fəaliyyət göstərən Media Bölümünün, Avropa Audiovizual Rəsədxanasının 160-a yaxın nümayəndə və eksperti qatılmışdır. 2007-ci ildən EPRA-nın tamhüquqlu üzvü olan Azərbaycan Respublikası Audiovizual Şurasını toplantıda Şura Aparatının rəhbəri Fazil Novruzov təmsil etmişdir.
Toplantının ilk iclas günündə (13 oktyabr) şəbəkə daxilində mövcud olan ümumi məsələlər, üzv dövlətlərdə baş vermiş yeniliklər və bununla bağlı məruzələr dinlənilmişdir. Bu bölüm çərçivəsində Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının rəhbəri Fazil Novruzov toplantı iştirakçılarını Audiovizual Şuranın fəaliyyətində olan yeniliklər barədə qısaca məlumatlandırmışdır.
Sonra toplantının işi "Dezinformasiya, plüralizm və etimad" mövzusunda plenar sessiya ilə davam etmişdir. Sessiya çərçivəsində informasiya istehlakının siyasi qütbləşməyə təsirinin ölçülməsi, algoritmlər və müxtəliflik kimi məsələlər müzakirə olunmuşdur. Bu mövzu ilə bağlı təcrübələr dinlənilmiş, Avropada mövcud olan informasiya istehlakı meylləri təqdim edilmişdir.
Toplantının ikinci günündə (14 oktyabr) "Milli tənzimləyici qurumlar rəqəmsal mühitdə: Video paylaşım platformaları" adlı tematik sessiya keçirilmişdir. Bu sessiyada video paylaşım platformalarının tənzimlənməsinə, istifadəçilərin həmin platformalarda qeydiyyatı zamanı ortaya çıxan problemlərə diqqət yetirilmişdir. Video paylaşım platformalarının tənzimlənməsinin, həmçinin özünütənzimləməsinin həyata keçirilməsi üzrə son yeniliklər müzakirə olunmuşdur. Sessiya çərçivəsində, habelə süni intellect, dezinformasiyaya qarşı mübarizə üsulları kimi məsələlər müzakirə olunmuşdur.
İclas gününün ikinci yarısında "Media savadlılığı və tənzimləyici orqanların rolu" mövzusunda müzakirə olmuşdur.
EPRA-nın növbəti 57-ci Toplantısı 2023-ci ilin may ayında Norveç Krallığının paytaxtında - Oslo şəhərində keçiriləcəkdir.