“Media və İnformasiya Savadlılığı” işçi qrupunun 8-ci iclası onlayn formatda keçirilmişdir.
Tənzimliyici Orqanların Avropa Platformasının (EPRA) "Media və İnformasiya Savadlılığı" (EMİL) işçi qrupunun 8-ci iclası 16 sentyabr 2022-ci il tarixində onlayn formatda təşkil olunmuşdur. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Cəmilə Qəhrəmanova toplantının işində iştirak etmişdir.
İlk olaraq işçi qrupun sədri Maria Donde "Dezinformasiya, plüralizm və etimad" mövzusu ilə bağlı olunacaq təqdimatlar haqqında qısa məlumat vermişdir. Avropa Rəqəmsal Media Rəsədxanasının (EDMO) Siyasət və Media Savadlılığı üzrə Məsləhətçisi Emma Gudman tərəfindən EDMO-nun media və informasiya savadlılığı üzrə fəaliyyətləri çərçivəsində "Avropa Rəqəmsal Media Rəsədxanasının media və informasiya savadlılığındakı rolu və hədəf auditoriyası + EDMO layihələri və təşəbbüsləri" mövzusunda təqdimat edilmişdir.
Bundan sonra Fransa təhsil sistemində media və informasiya savadlılığına cavabdeh olan "Réseau Canopé" şəbəkəsinin bir hissəsi olan "Təhsil və Xəbər Mediası üzrə Kommunikasiya Mərkəzi"nin (CLEMI) beynəlxalq layihə meneceri Laure Delmoli tərəfindən CLEMİ fəaliyyəti haqqında təqdimat edilmişdir. Habelə EDMO-nun İrlandiya mərkəzinin media savadlılığı üzrə koordinatoru Rikardo Kastellini da Silva mərkəzin fəaliyyəti və layihələri barədə məlumat təqdim etmişdir.
Daha sonra dəyirmi masa formatında müzakirələr aparılmışdır. Toplantının sonunda EPRA Katibliyinin rəhbəri Emanuella Maçet EMİL üzvlərinin profillərinin hazırlanması haqqında məlumat vermişdir.