Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasının açıqlaması

01 avqust 2022-ci il tarixində ümumölkə yerüstü televiziya yayımçısı olan "AZTV" kanalının efirində saat 20.00-dan yayımlanan "AZTV Xəbər" proqramında Bakının və ümumiyyətlə Azərbaycanın son zamanlar çox müraciət olunan turizm istiqamətlərindən biri olduğunu göstərən süjet nümayiş olunmuş və turist kimi ölkəmizə səfər edən bir sıra əcnəbilərdən müsahibə alınmışdır. Reportajın efirdə olduğu müddətdə aşağı titrlərdə "qonaqlı-qaralı Bakı" sərlövhəsi qeyd olunmuşdur.

Bəzi onlayn media resurslarında və sosial şəbəkə səhifələrində həmin sərlövhənin bütün reportaj boyu efirdə olmasına baxmayaraq, yalnız qaradərili əcnəbi bir turistdən müsahibə alınarkən olan "skrin fotosu" yayılaraq bunun irqi ayrıseçkilik kimi qiymətləndirilməsinə cəhdlər göstərilir.

Azərbaycan Respublikası Audiovizual Şurası bildirir ki, reportajın məzmununda və qeyd edilən titrlərdə heç bir ayrıseçkiliyə eyham belə sezilə bilməz. Hamımızın bildiyi və söz ehtiyatı ilə zəngin olan doğma dilimizdə tez-tez işlədilən "qonaq-qaralı" ifadəsində olan qara hissəsi heç bir halda rəng mənasında, həmin ifadənin süjet boyu efirdə nümayiş olunması da heç cür hər hansı irqi, etnik, dini və ya digər ayrıseçkiliyin nəinki təbliği, hətta nümayişi kimi də qəbul oluna bilməz. Qeyd olunmalıdır ki, Azərbaycan dilinin etimologiya lüğətində "mal-qara", "qonaq-qara" tipli sözlərdə qara hissəsi cəmlik bildirir, yəni, "qonaq-qara" - "qonaqlar" deməkdir. 

Bunları nəzərə alaraq, onlayn media redaksiyalarını, həmçinin, sosial şəbəkə istifadəçilərini belə xəbərləri, statusları və ya fikirləri paylaşanda daha məsuliyyətli olmağa və ictimaiyyəti yanlış yönləndirməyə cəhd etməməyə çağırırıq.

https://fb.watch/eG6FRjFitn/