Azərbaycan Respublikası Audiovizual Şurası

Şuşada Beynəlxalq Media Forum keçirilmişdir.

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə 22 iyul 2022-ci il tarixdə - Milli Mətbuat Günündə - Şuşa şəhərində "Mediada qlobal trendlər, yeni çağırışlar" Beynəlxalq Media Forumu keçirilmişdir.

Beynəlxalq Media Forumun əsas məqsədi media sahəsində müxtəlif tendensiyaların qlobal və yerli konteksdə təhlili, aktual məsələlər ətrafında bilik və təcrübə mübadiləsinin təşviqi, həmçinin yerli və xarici media nümayəndələri və subyektləri arasında əməkdaşlığın genişləndirilməsi olmuşdur. Beynəlxalq təşkilatların rəsmiləri, yerli media və ictimaiyyət nümayəndələri, dünyanın müxtəlif ölkələrinin media nümayəndələri və ekspertlərinin iştirak etdiyi Forum Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlamış, daha sonra Ümumilli Lider Heydər Əliyev və Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Bundan sonra Medianın İnkişafı Agentliyinin hazırladığı Azərbaycan Mətbuatının 147 illiyinə həsr olunan video-çarx nümayiş etdirilmişdir.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forum iştirakçılarına müraciətini (müraciətin mətni üçün tıkla: https://president.az/az/articles/view/56720) oxumuşdur. 

Forumda çıxış edən Azərbaycan Respublikasının Audiovizual Şurasının sədri İsmət Səttarov audiovizual media sahəsində tənzimləmə və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsi ilə bağlı hazırkı vəziyyətdən, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media islahatlarının effektiviliyindən, əldə olunan ilkin nəticələrdən, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev informasiya müharibəsində "Karabakh.Center" layihəsinin yeri və rolu, eyni zamanda Qarabağda bərpa və yenidənqurma işlərində ictimai iştirakçılıq haqqında danışmışlar.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə heyətinin sədri Məftun Abbasov öz çıxışında bildirmişdir ki, Qoruq İdarəsi digər dövlət qurumları ilə birgə mədəniyyət paytaxtımızın dirçəlməsi, şəhərin həm fiziki, həm də mənəvi dirçəlməsi istiqamətində çoxşaxəli tədbirlər həyata keçirir.

ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının direktoru Şəfəq Mehrəliyeva MEDİA Agentliyi ilə birgə təşkil olunan treninqlərin yeni media mühitinə təsirindən danışmışdır.

Daha sonra forum rəsmi şəxslər və media nümayəndələrinin çıxışları və müəyyən edilmiş panel mövzularının müzakirələri ilə davam etmişdir.