Azərbaycan Respublikası Audiovizual Şurası

"Dərinləşən media islahatları: Yeni hədəflərə doğru" mövzusunda konfrans keçirilmişdir.

21 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "Dərinləşən media islahatları: Yeni hədəflərə doğru" mövzusunda konfrans təşkil olunmuşdur. 

Konfransda Prezident Administrasiyasının, Milli Məclisin, Medianın İnkişafı Agentliyinin, Audiovizual Şuranın, Mətbuat Şurasının rəsmi nümayəndələri, audiovizual, onlayn, çap mediası qurumlarının və informasiya agentliklərinin nümayəndələri, Beynəlxalq Media Forumda iştirak üçün Bakıya dəvət olunan 20-dən çox xarici ölkənin media mütəxəssisləri və rəsmi şəxsləri, habelə tanınmış jurnalistlər iştirak etmişlər.

Tədbiri açan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov konfrans iştirakçılarını salamlamış və MEDİA Agentliyinin təşkilatçılığı ilə keçirilən Milli Mətbuat Gününə həsr olunan silsilə tədbirlər haqqında danışmışdır.

Konfrans çərçivəsində təşkil olunan panel müzakirələrdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikası Audiovizual Şurası aparatının rəhbəri Fazil Novruzov, "Trend" İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov çıxış etmişlər. Tanınmış jurnalist Elçin Mirzəbəylinin moderatorluğu ilə keçən panel müzakirədə Azərbaycan mətbuatının keçdiyi inkişaf yolu və müasir dövrdə media islahatları, media islahatlarının hüquqi bazası, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında medianın rolu, islahatların ilkin nəticələri barədə fikirlər səsləndirilmişdir.

Daha sonra Medianın İnkişafı Agentliyin rəsmi veb-saytının yenilənmiş versiyasının təqdimatı keçirilmişdir.

 

 

Fotoların mənbəyi: Medianın İnkişafı Agentliyi, "REPORT" və "APA" İnformasiya Agentlikləri