Şəki şəhərində Audiovizual Şuranın təşkilatçılığı ilə bir sıra regional yerüstü yayımçılar ilə dəyirmi masa keçirilmişdir.
"Uşaqlara dair Strategiya"nın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı və Azərbaycan Respublikası Audiovizual Şurasının 2021-2023-cü illər üçün Kommunikasiya Strategiyasının həyata keçirilməsi üzrə 2022-ci ilin Fəaliyyət Planına uyğun olaraq Şuranın və "Kanal S" televiziya kanalının təşkilatçılığı ilə 18 iyul 2022-ci il tarixində Şəki şəhərində dəyirmi masa keçirilmişdir.
Görüşdə Şura aparatının nümayəndələri, "Kanal S" (Şəki), "El TV" (Yevlax), "Kəpəz TV" (Gəncə) regional televiziya kanallarının və "Kəpəz FM" (Gəncə) regional radio kanalının ümumi proqram rəhbərlikləri və xəbər redaksiyalarının məsul əməkdaşları iştirak etmiş, uşaqların zərərli informasiyadan qorunması ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandılrılması və maarifləndirmə işlərinin aparılması, uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında maarifləndirmə tədbirlərinin audiovizual mediada işıqlandırılmasının əhəmiyyəti, habelə erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması sahəsində regional medianın rolu mövzularında müzakirələr aparılmışdır.
Şura nümayəndələri bu mövzularda maarifləndirici proqramların təşkil edilməsi, sosial çarxların yayımlanması və bu yayımlar haqqında Şuraya hesabatların təqdim olunması sahəsində yayımçıların vəzifələri və görüləcək tədbirlər barədə zəruri məlumatlar vermiş, daha sonra regional kanalların əməkdaşlarının yayımın təşkili və yeni "Media haqqında" qanuna uyğun olaraq audiovizual proqramlar ilə bağlı tələblər haqqında suallarını cavablandılmışlar.