Şura sədri Fransanın İstanbuldakı konsulluğunun audiovizual əməkdaşlıq üzrə attaşesi Gislen Vidal-Jiru ilə görüşmüşdür.
22 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasında ölkəmizdə işgüzar səfərdə olan Fransanın İstanbuldakı konsulluğunun audiovizual əməkdaşlıq üzrə attaşesi Gislen Vidal-Jiru ilə görüş keçirilmişdir.
Qonağı salamlayan Şura sədri İsmət Səttarov Azərbaycan Respublikası Audiovizual Şurası və onun vəzifələri, ölkəmizdə media sahəsində son illər həyata keçirilən islahatlar barədə məlumat vermişdir. Attaşe Gislen Vidal-Jiru səmimi qarşılanma üçün təşəkkür etmiş, Şura sədrinin verdiyi məlumatlardan məmnunluğunu bildirmiş, Azərbaycan və Fransanın audiovizual media sahəsi üzrə tənzimləyici qurumlarının əməkdaşlıq perspektivlərindən söz açmışdır. Daha sonra Şura sədri audiovizual yayım zamanı müəllif hüquqlarının qorunması, Azərbaycanda yeni audiovizual media və yayım xidmətləri ilə bağlı son vəziyyət barədə qonağı maraqlandıran suallara cavab vermişdir.
Azərbaycan və Fransanın müvafiq tənzimləyici qurumları arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə daimi kommunikasiyanın saxlanılması barədə razılıq əldə olunmuşdur.