İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının iclası keçirilmişdir.
24 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının inzibati binasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının iclası təşkil olunmuşdur. İclasın gündəliyində olan yeganə məsələ İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifənin tutulması üçün elan olunmuş sənəd qəbulu prosesinin yekunu və baş direktorun seçilməsi olmuşdur. 6–15 may 2022-ci il tarixləri arasında Azərbaycan Respublikası Audiovizual Şurasının elan etdiyi sənəd qəbulu prosesi çərçivəsində 8 nəfər namizəd öz sənədlərini Audiovizual Şuraya təqdim etmişdir:
- Abbasova Təranə Süleyman qızı,
- Həsənov Anar Bəybala oğlu,
- Qasımov Balakişi Ələkbər oğlu,
- Əliyev Ədalət İsaxan oğlu,
- Əlizadə Üzeyir Əli oğlu,
- Məmmədzadə Tural Sahib oğlu,
- Nağıyev Anar Əlişah oğlu,
- Nəsirov Rəşad Barat oğlu
Sənəd qəbulu prosesi başa çatandan sonra "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.3-cü və 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlərin sənədləri Audiovizual Şura tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim olunmuşdur.
İclasa sədrlik edən Yayım Şurasının sədri Muxtar İmanov əvvəlcə Yayım Şurası üzvlərini və İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədləri təqdim etmişdir. Daha sonra iclasın katibi və Hesablama Komissiyasının üzvləri seçilmişdir. Bundan sonra namizədlər çıxış etmiş, Yayım Şurasının üzvlərinin bir sıra suallarına cavab vermişlər. İclasın sonunda keçirilmiş birbaşa və gizli səsvermə nəticəsində Qasımov Balakişi Ələkbər oğlu yenidən 4 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilmişdir.