Azərbaycan Respublikası Audiovizual Şurası

Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısı keçirilir.

Mayın 14-də İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü Toplantısı başlayıb. Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı və ev sahibliyi ilə baş tutan tədbirdə Azərbaycan Respublikasını ölkə Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

TDT-yə üzv dövlətlər - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, həmçinin müşahidəçi üzv Macarıstan və Türkmənistanın dövlət rəsmilərinin bir araya gəldiyi toplantının əsas məqsədi türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığının möhkəmləndirilməsidir.

Toplantı çərçivəsində “Türk dünyasında dövlət diplomatiyasının yüksələn gücü: serialı-film sektoru”, “Türk dünyasının rəqəmsal gələcəyi: Metaverse”, “Türk dünyasının gələcəyə ortaq baxışı işığında yayım sektorunda əməkdaşlıq imkanları”, “Həqiqətdən kənar dövrdə dezinformasiya ilə mübarizə” mövzularında panel sessiyaların keçirilməsi nəzərdə tutulur.

Toplantının işində rəsmi nümayəndə heyətləri ilə yanaşı, türk dünyasından media və kommunikasiya qurumlarının rəhbərləri, ekspertlər, sənətçilər, sosial media təmsilçiləri, alimlər və iştirakçı ölkələrin müxtəlif təhsil müəssisələrinin kommunikasiya fakültələrinin tələbələri də iştirak edirlər.

Fotolatın mənbəyi: AZƏRTAC