Belçikanın Antverpen şəhərində EPRA-nın 55-ci Toplantısı keçirilmişdir.
11-13 may 2022-ci il tarixlərində Belçikanın Antverpen şəhərində Yayım Tənzimləyici Orqanlarının Avropa Platformasının (EPRA) 55-ci Toplantısı keçirilmişdir. İki ildən bir qədər artıq müddətdə pandemiya səbəbindən üzbəüz toplaşmayan, yalnız onlayn platformalarda görüşülən Avropanın ən nüfuzlu audiovizual media və yayım tənzimləyicilərinin şəbəkəsi olan EPRA-nın bu dəfəki toplantısında 47 Avropa dövlətindən 55 audiovizual yayım tənzimləyici təşkilatının, habelə, Avropa Komissiyasının, ATƏT-in Media Azadlığı üzrə Bürosunun, Avropa Şurası tərkibində fəaliyyət göstərən Media Bölümünün, Avropa Audiovizual Rəsədxanasının 160-a yaxın nümayəndə və eksperti iştirak etmişdir. Azərbaycan Respublikasını toplantıda Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının rəhbəri Fazil Novruzov təmsil etmişdir.
12 may tarixində toplantının ilk iclas günündə şəbəkə daxilində mövcud olan ümumi məsələlər, üzv dövlətlərdə baş vermiş yeniliklər və bununla bağlı məruzələr dinlənilmişdir. Bu bölüm çərçivəsində Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının rəhbəri Fazil Novruzov Azərbaycanda son ildə media sahəsində aparılan islahatlar, "Media haqqında" Qanunun qəbul olunması, yeni audiovizual media mühitinin formalaşması, əvvəlki Milli Televiziya və Radio Şurasının Audiovizual Şura kimi yenidən təşkili və şuranın fəaliyyətində olan yeniliklər barədə kiçik təqdimat etmişdir.
Sonra toplantının işi "Uşaqlar və reklam" mövzusunda plenar sessiya ilə davam etmişdir. Sessiya çərçivəsində onlayn və audiovizual mediada qeyri-sağlam qida məhsullarının reklamı, marketinqi, təbliği və nəticədə həmin kommersiya yayımlarının uşaqların əqli, fiziki və mənəvi inkişafına zərərli təsirləri müzakirə olunmuş, bir sıra ölkələrdə tənzimləyici qurumların qərarları ilə belə kommersiya yayımlarının vaxt cəhətdən tənzimlənməsi və ya ümumən məhdudlaşdırılması ilə bağlı təcrübələri dinlənilmişdir.
13 may tarixində toplatı çərçivəsində "Milli tənzimləyici qurumlar rəqəmsal mühitdə" adlı tematik sessiya keçirilmişdir. Bu sessiyada audiovizual media mühitinin dəyişməsi, rəqəmsal onlayn mühitdə baş verən sürətli dəyişikliklər fonunda yayım tənzimləyicilərinin qarşısında duran yeni vəzifələr, kadr problemləri, maliyyə çatışmazlıqları kimi məsələlər müzakirə olunmuşdur.
Son iki ildə dünyanı bürüyən pandemiyanın zəifləməsi nəzərə alınaraq EPRA-nın növbəti 56-cı Toplantısının 12-15 oktyabr 2022-ci il tarixlərində Türkiyənin Antalya şəhərində canlı formatda keçirilməsi qərara alınmışdır.