Azərbaycan Respublikası Audiovizual Şurasının Qərarı № 5/1 - 05 may 2022-ci il
Azərbaycan Respublikası Audiovizual Şurası "ARB" televiziya yayımçısının efirində 03 may 2022-ci il tarixdə saat 13:35-15.30 arası yayımlanan "Elgizlə izlə" proqramında zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya yol verildiyinə görə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli 1036-IIQ nömrəli Qanununun 53-56-cı maddələrini, "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının 30 oktyabr 2018-ci il tarixli 1310-VQ nömrəli Qanununun 9.2.2-ci maddəsini, "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 14.1.15-ci, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq qərara alır:
- "ARB" televiziya yayımçısının efirində 08 may 2022-ci il tarixdə proqramların yayımı 3 (üç) saatlıq müddətə (saat 09:00-dan saat 12.00-dək) dayandırılsın.
- "ARB" televiziya yayımçısı ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı (mətn əlavə olunur) Şura tərəfindən müəyyən edilmiş vaxt ərzində (08 may 2022-ci il tarixdə saat 09:00-dan 12:00-dək) özünün efirində yayımlasın.
- Qərarın qüvvəyə mindiyi gündən 30 gün müddətində qərardan Bakı İnzibati Məhkəməsinə şikayət verilə bilər.