Azərbaycan Respublikası Audiovizual Şurasının televiziya və radio yayımçılarına müraciəti
Son günlər bir sıra televiziya kanallaında yayımlanan bir reklam çarxında təqdim olunan əmtəəyə diqqəti cəlb etmək üçün nasist ideologiyasının banisi və nasist Almaniyasının rəhbəri olmuş Adolf Hitler obrazından və o obraz üzərində qurulmuş yumoristik səhnədən istifadə halı müşahidə olunmuşdur.
Azərbaycan xalqının onilliklər ərzində Ermənistanın ona qarşı həyata keçirdiyi faşist və neonasist siyasətdən əziyyət çəkdiyini, o cümlədən, II Dünya Müharibəsi illərində Azərbaycandan olan əsgər və zabitlərin faşist Almaniyasına qarşı fədakarcasına mübarizə apardığını nəzərə alaraq belə video çarxlar qəbulolunmazdır.
"Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 14.1-ci maddəsinin tələbini, eyni zamanda, Adolf Hitlerin irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin ideoloji olaraq əsas banilərindən biri olmasını nəzərə alaraq yayımçılardan belə məzmunda reklam çarxlarının yayımını, habelə media reklam agentliklərindən belə məzmunlu reklam çarxlarının istehsalını dərhal dayandırmalarını tələb edirik.
Aparılan monitorinqlər nəticəsində belə hallara yenidən rast gəlinərsə həmin reklam çarxının yayımını həyata keçirən televiziya və ya radio yayımçısına qarşı qanunvericiliklə müəyyən olunan sanksiya tətbiq olunacaqdır.