Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilmişdir.
11 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilmişdir. İclasda bir sıra məsələlər müzakirə olunmuşdur.
İlk məsələ olaraq ümumrespublika radio kanalının (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHz tezliyi) açılması üçün 17 yanvar 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək elan olunmuş müsabiqənin nəticələri açıqlanmışdır. Müsabiqə çərçivəsində 6 iddiaçı Şuraya sənədlərini təqdim etmişdir: "Xəzər TV" MMC (radio kanalın adı: Xəzər Xəbər Radio); "Real Təhlil İnformasiya Mərkəzi" MMC (radio kanalın adı: Real FM); "İNS ÇM" MMC; (radio kanalın adı: İNS ÇM Radio); "İsti Press" MMC (radio kanalın adı: İsti Press Radio); "ProMediaGroup" MMC (radio kanalın adı: Sport Radio); "Balans Studiyası" MMC (radio kanalın adı: Balans Studiyası). Əvvəlcə müsabiqə komissiyasının iddiaçıların təqdim etdiyi sənədlər və onların yerinə baxışla bağlı yekun məruzəsi dinlənilmişdir. Geniş müzakirələrdən sonra texniki imkanların mövcudluğu, yayım konsepsiyasının uyğunluğu və peşəkar kadrların olması cəhətdən digər iddiaçılarla müqayisədə daha üstün potensiala malik olan "Real Təhlil İnformasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin ("Real FM" radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunmuşdur.
Gündəlikdə duran ikinci məsələ "Radio TMB" kanalı üçün regionlarda yeni tezliklərin ayrılması olmuşdur. Bununla bağlı Şura aparatının texniki mütəxəssislərinin rəyi dinlənilmişdir. Daha sonra "Radio Qrup" MMC-nin müraciəti və texniki mütəxəssislərin rəyi əsasıında "Radio TMB" ümumölkə radio kanalının yayımı üçün Ağstafa rayonu ərazisində yerləşən "Poylu" Radio-Televiziya Yayım Stansiyasından 94.1 MHs radiotezliyinin və Şəki rayonu ərazisində yerləşən "Təpəcənnət" Radio-Televiziya Yayım Stansiyasından 94.9 MHs radiotezliyinin "Radio Qrup" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında qərar qəbul olunmuşdur.
Bundan sonra, texniki cəhətdən mövcud tezlikdə yayımın aparılmasının qeyri-mümkünlüyü və texniki mütəxəssislərin rəyini nəzərə alaraq "İctimai Radio" ümumölkə radio kanalının yayımı üçün Milli Televiziya və Radio Şurasının 2020-ci il 29 dekabr tarixli 13/2 nömrəli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin istifadəsinə Şuşa rayonu ərazisində yerləşən "Şuşa" Radio-Televiziya Yayım Stansiyasından ayrılmış 90.7 MHs radiotezliyinin 88.7 MHs radiotezliyinə dəyişdirilməsi haqqında qərar qəbul olunmuşdur.
İclasda, həmçinin, televiziya kanallarının efirində yayımlanan reklam çarxları müzakirə olunmuşdur. Bir sıra kanalların efirində yayımlanan bir reklam çarxı ilə bağlı narahatlıqlar dinlənilmiş və yayımçılara bununla bağlı müraciət qəbul olunmuşdur.