“Media və İnformasiya Savadlılığı" (EMİS) işçi qrupunun 6-ci iclası onlayn formatda keçirilmişdir.
Tənzimliyici Orqanların Avropa Platformasının (EPRA) "Media və İnformasiya Savadlılığı" (EMİS) işçi qrupunun 6-ci iclası 16 fevral 2022-ci il tarixində onlayn formatda təşkil olunmuşdur. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Cəmilə Qəhrəmanova toplantının işində iştirak etmişdir.
Toplantı zamanı şəbəkənin fəaliyyətində baş verən yeniliklər barədə bir sıra təqdimatlar olunmuşdur. Əvvəlcə İşçi Qrupun sədri Maria Donde qrupun fəaliyyəti ilə bağlı yenilikləri təqdim etmişdir. Daha sonra Media Savadlığı üzrə Komissiyanın Ekspert Qrupunun (MLEG) 10 fevralın 2022-ci il tarixində keçirilən iclası haqqında məlumat verilmişdir.
Bundan sonra Media Savadlığı üzrə layihələrə aid məsələlər müzakirə olunmuşdur. "Financial Times" - ödənişsiz məktəblər" proqramının aparıcı redaktoru Endryu Cek həmin proqram haqqında təqdimat etmişdir. Böyük Britaniyanın media üzrə tənzimləyici qurumu olan OFCOM tərəfindən media savadlığı ilə bağlı müdaxilə və qiymətləndirmə layihələri haqqında məlumat verilmişdir. Avropa Rəqəmsal Media Rəsədxanası (EDMO) 24-25 mart 2022-ci il tarixində "Media savadlılığına dair təşəbbüslərin təsirinin qiymətləndirilməsi" mövzusunda yeni təlim sessiyalarının keçirilməsi haqda yenilənmiş məlumat təqdim etmişdir. İclasda MİS şəbəkəsinin maliyyələşdirmə imkanları haqqında məsələlər üzrə yenilənmiş məlumatlar təqdim edilmişdir.
İclasın sonunda EMİS işçi qrupunun səlahiyyət dairəsi, həmçinin, EMİS üzvlərinin profilləri ilə bağlı müzakirələr aparılmışdır.