Azərbaycan Respublikası Audiovizual Şurası

Milli Televiziya və Radio Şurası “ARB Şimal” və “ARB Günəş” regional televiziya kanallarında tədbir keçirmişdir.

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na uyğun olaraq Milli Televiziya və Radio Şurasının nümayəndələri 9-10 dekabr 2021-ci il tarixdə şimal bölgəsində fəaliyyət göstərən regional televiziya kanalları olan "ARB Şimal" və "ARB Günəş"-də görüş keçirmişlər.

Görüşdə Milli Televiziya və Radio Şurası Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov, Şura sədrinin köməkçisi Haşim Əliməmmədzadə, Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin məsləhətçisi Ayxan Sadıqlı, "ARB Şimal" və "ARB Günəş" TV kanallarının rəhbərləri, proqram və xəbər departamentlərinin məsul şəxsləri iştirak etmişlər.

Görüşlər çərçivəsində dövlət proqramına uyğun olaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi və vətəndaşlar arasında ictimai maarifləndirmə məqsədilə təbliğat işinin təşkilində regional medianın, o cümlədən, televiziya kanallarının rolu və bu sahədə mövcud olan maliyyə və texniki problemlər müzakirə olunmuşdur.

Şura nümayəndələri narkomaniyaya qarşı mübarizə mövzusunda xüsusi proqramların təşkil edilməsi, sosial çarxların yayımlanması və bu yayımlar haqqında Şuraya hesabatların təqdim olunması sahəsində yayımçılara vəzifələrini və görüləcək tədbirləri izah etmişlər.