İstanbulda Türk Şurasının Media Forumu keçirilir
Oktyabrın 22-dən 24-dək İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) media forumu keçirilir. Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən "Köklü keçmiş, güclü gələcək" şüarı ilə keçirilən tədbirdə türk dünyasında media, serial və film sektorlarında əməkdaşlıqların inkişafı, sosial media və dezinformasiyaya qarşı birgə mübarizə yolları müzakirə olunur.
Forumda Türk Şurasına üzv ölkələr - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan, habelə müşahidəçi ölkələr Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən olan media nümayəndələri, elm adamları, dövlət qurumlarının və özəl təşkilatların yüksəkvəzifəli şəxsləri, sosial media təmsilçiləri, universitet tələbələri olmaqla 350-dən çox nümayəndə iştirak edir. Ölkəmiz media forumda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi geniş nümayəndə heyəti ilə təmsil olunur. Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov da forumda iştirak edir.
Üç gün davam edəcək tədbirin açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun İkinci Qarabağ müharibəsi zamanı sosial media vasitəsilə aparılan böyük mübarizə haqqında da danışmışdır. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çıxışı zamanı Türk Şurasının təməlində qardaşlığımız, ortaq dəyərlərimiz, keçmişimiz və tariximizin dayandığını ifadə etmiş, keçirilən forumun Türk Şurasına üzv ölkələrin bir çox sahədə olduğu kimi, media sahəsində də həmrəyliyinə böyük töhfə verəcəyinə əminliyini bildirmişdir.
Forum çərçivəsində "Birlikdən doğan Zəfər: Qarabağ", “Ortaq mədəni gələcək: Türk dünyasında serial və film sektoru", "Keçmişdən gələcəyə türk dünyası birliyi", "Türk dünyası olaraq gələcəyin qurulması" və bu kimi digər mövzularda panellərin keçirilməsi nəzərdə tutulur.