Tənzimləyici Qurumların Avropa Platformasının (EPRA) 54-cü Toplantısı onlayn formatda keçirilmişdir
Tənzimləyici Qurumların Avropa Platformasının (EPRA) 54-cü Toplantısı 14-15 oktyabr 2021-ci il tarixlərində video formatda təşkil olunmuşdur. Milli Televiziya və Radio Şurası aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin məsul əməkdaşları da toplantının işində iştirak etmişlər.
Toplantının 1-ci günü "EPRA-nın və onun şəbəkəsinin həyatı" adlı plenar iclasda Avropa Komissiyasının, Avropa Şurasının, ATƏT Media Azadlığı Ofisinin, Avropa Audiovizual Rəsədxanasının və Audiovizual media xidmətləri üzrə tənzimləyici orqanların Avropa qrupunun (ERGA) son fəaliyyəti barədə çıxışlar dinlənilmişdir.
Daha sonra EPRA Katibliyinin 2021-ci maliyyə ili üçün yenidən işlənmiş büdcə hesabatı və 2022-ci il üçün büdcə layihəsi qəbul olunmuşdur. EPRA Katibliyi tərəfindən həmçinin, "EPRA Media və İnformasiya Savadlılığı" (EMİL) işçi qrupunun fəaliyyəti haqqında da yenilənmiş məlumat verilmişdir.
Plenar iclas zamanı Vyana Universiteti ilə əməkdaşlıq haqqında təqdimat keçirilmişdir. EPRA üzvü olan OFCOM (Böyük Britaniya) tərəfindən "Video paylaşım platformaları", DLM (Almaniya) tərəfindən "Ümumi maraq kəsb edən məzmunun əhəmiyyəti" və Media üzrə Komissiya (İslandiya) tərəfindən "Sektorlararası əməkdaşlıq və seçki" mövzularında çıxışlar təqdim olunmuşdur.
Toplantının işi çərçivəsində "Tənzimləyici orqanlar arasında sektorlararası əməkdaşlıq" mövzüsunda tematik plenar sessiya təşkil olunmuşdur. Bu tematik plenar sessiya onlayn məkanda tənzimləmə sahəsində əməkdaşlığın vacibliyini, effektiv əməkdaşlıq modellərinin, eləcə də sektorlararası əməkdaşlığın müxtəlif modellərinin işlənib hazırlanmasında problemlərin öyrənilməsinə yönəlmişdir.
Toplantının 2-ci günü EPRA çərçivəsində fəaliyyət göstərən və MTRŞ-ın da üzvü olduğu "EPRA Media və İnformasiya Savadlılığı" (EMİL) işçi qrupunun onlayn formatda 4-cü iclası keçirilmişdir. Bu iclasda "EduMediaTest" layihəsi müzakirə olunmuşdur. "EduMediaTest" Avropa Komissiyasının "Media savadlılığı hamı üçün" proqramı çərçivəsində Barselona Pompeu Fabra Universiteti və Kataloniya, Xorvatiya, Fransa, Yunanıstan, İrlandiya, Portuqaliya və Slovakiyanın media və / və ya media savadlılığı üzrə tənzimləyici müxtəlif orqanları tərəfindən və Avropa Komissiyasının qismən maliyyə dəstəyi sayəsində hazırlanmışdır. "EduMediaTest" 14 yaşından 18 yaşınadək şagirdlərdə media savadlılığının ilkin qiymətləndirilməsinin aparılması, həmçinin, bu veb-saytda sərbəst mövcud olan təlim materiallarından istifadə etməklə əldə edilmiş nəticələr əsasında media ilə işləmək bacarığının təkmilləşdirilməsi üçün nəzərdə tutulmuş onlayn anketdir. Layihənin təqdimatından sonra tədbir iştirakçıları arasında fikir mübadiləsi və açıq müzakirələr aparılmışdır.
Toplantının sonunda EPRA-nın 55-ci Toplantısının pandemiya şəraitinin nəzərə alınması ilə Belçikanın Flamand Media Tənzimləyici Orqanının dəvəti ilə Antverpen şəhərində canlı (offlayn) olaraq keçirilməsi haqqında qərar qəbul edilmişdir.