Azərbaycan Respublikası Audiovizual Şurası

“Azərbaycanda televiziya reytinqlərinin ölçülməsində yeni sistemin tətbiqi” mövzusunda təqdimat tədbiri keçirilmişdir.

30 sentyabr 2021-ci il tarixdə Bakıda Milli Televiziya və Radio Şurasının təşkilatçılığı ilə Azərbaycanda televiziya kanallarının reytinqlərinin ölçülməsi sisteminin tətbiqinə həsr olunmuş təqdimat tədbiri keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, digər rəsmi şəxslər, ümumölkə və peyk televiziya kanallarının, habelə reklam agentliklərinin rəhbərləri, həm yerli, həm də əcnəbi  reklamverən şirkətlərin səlahiyyətli nümayəndələri, beynəlxalq ekspertlər iştirak etmişlər.

Tədbir çərçivəsində teleölçmələr sahəsində beynəlxalq ekspertlər olan Renata Uhlarikova və Puşkar Kulkarni ("Pure X Media" şirkəti) tərəfindən yeni ölçmə şirkətinin seçimi üzrə Milli Televiziya və Radio Şurası və "Pure X Media" şirkətinin birgə fəaliyyətinin nəticələrinə həsr olunmuş video təqdimat göstərilmiş, layihənin reallaşdırılması prosesi və müddətləri barədə ətraflı məlumat verilmiş, həmçinin, beynəlxalq televiziya ölçmələri şirkəti olan "Kantar"ın 2022-ci ilin noyabrından etibarən Azərbaycanda televiziya ölçmələrində istifadə olunacaq texnoloji imkanları nümayiş olunmuşdur.

Təqdimatdan sonra tədbir iştirakçıları arasında geniş müzakirələr aparılmışdır.