Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 2019-cu il üzrə HESABATI
Ümumi məlumat
2019-cu ildə Şura sədr - Nuşirəvan Məhərrəmov və üzvlər – Aslan Xəlilov, Mübariz Elyazov, Məmməd Cəfərov, Bəxtiyar Balakişiyev və Telli Əliyevadan ibarət tərkibdə fəaliyyət göstərmişdir.
Şura üzvləri Qafar Cəbiyev və Əlvan Ağayevin səlahiyyət müddətlərinin bitməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin 12 mart 2019-cu il tarixli 1035 nömrəli Sərəncamına əsasən Balakişiyev Bəxtiyar Qaraca oğlu və Əliyeva Telli Pənah qızı 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvləri təyin olunmuşlar.
Milli Televiziya və Radio Şurası Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsi, Ekspertiza, proqramlaşdırma və analitik şöbəsi, Maliyyə və texniki nəzarət şöbəsi, Təsərrüfat şöbəsi, Ümumi sektoru Milli Televiziya və Radio Şurasının funksiyalarının yerinə yetirilməsində öz vəzifələrini icra etmişdir.
Şura tərəfindən 2019-cu ildə 4 vəzifə (Şura sədrinin köməkçisi, Şura Aparatının rəhbəri, Aparatın Hüquq və beynəlxalq əlaqələr şöbəsinə aparıcı məsləhətçi və məsləhətçi) müsabiqə üçün Dövlət İmtahan Mərkəzinə təqdim edilmişdir.
İl ərzində Şuranın 9 iclası keçirilmiş, ümumilikdə 20-dən çox məsələyə baxılmış, 13 məsələ barədə qərar qəbul olunmuşdur.
Hazırda Azərbaycan Respublikası ərazisində ümumilikdə 95 (doxsan beş) teleradio yayımçısı və operatoru fəaliyyət göstərir: 12 ümumrespublika televiziya yayımçısı; 12 regional televiziya yayımçısı; 16 radio yayımçısı; 3 peyk televiziya yayımçısı; 18 kabel şəbəkəsi operatoru; 32 İPTV operatoru; 2 xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla yayımını həyata keçirən operator.
2019-cu ildə “AZERSPACE-1” peykində yayımlanan xarici teleradio yayımçıların fəaliyyətinin hüquqi çərçivəyə salınması davam etdirilmişdir. Milli Televiziya və Radio Şurası tərəfindən bir sıra xarici teleradio yayımçısına “AZERSPACE-1” peykində yayımlanmağa icazə verilmişdir. Hazırda müqavilə əsasında 36 televiziya kanalı, 21 radio kanalı olmaqla 57 yayımçı “AZERSPACE-1” peykində yayımlanır.
Dövlət proqramlarının icrası vəziyyəti
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarxli Fərmanına əsasən uşaqların tərbiyəsinə, tədrisinə və maarifləndirilməsinə yönəlmiş televiziya proqramlarının hazırlanması istiqamətində kanallara müvafiq tövsiyələr verilmişdir. Habelə Uşaq Televiziyasının yaradılması imkanları araşdırılmış, mövcud şəraitdə teleradio kanallarında yayımlanan uşaq verilişlərinin keyfiyyətinin artırılması istiqamətində işlərin aparılması məqsədəuyğun hesab edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Fərmanına əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi ilə bağlı, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı problemlər haqqında ictimai maarifləndirmə işinin genişləndirilməsi ilə bağlı yayımçılara müvafiq tövsiyələr verilmişdir. Narkomanlıq və onun fəsadları barədə kütləvi informasiya vasitələrində daha dolğun məlumatların, müəllif yazılarının hazırlanması məqsədi ilə narkomanlığın spesifik cəhətləri ilə bağlı jurnalistlər üçün təlim kurslarının təşkili nəzərdə tutulur. Bununla bağlı yayımçılara müvafiq tövsiyələr verilmişdir.
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarxli Fərmanına uyğun olaraq teleradio yayımçıları tərəfindən ədəbi dilin düzgün tətbiq olunması ilə bağlı yayımçılara müvafiq tapşırıqlar verilmişdir. Monitorinqlər təşkil edilmiş, bununla bağlı broşura dərc edilmişdir. Teleradio yayımçıları tərəfindən dövlət dilinin təbliğinin gücləndirilməsi ilə bağlı yayımçılara müvafiq tövsiyələr verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nda gənclik auditoriyası üçün maraq kəsb edən və müasir dövrün tələblərinə cavab verən yeni televiziya və radio layihələrinin hazırlanması vəzifəsi nəzərdə tutulmuş, buna uyğun olaraq teleradio yayımçılarına bu cür layihələrin hazırlanması barədə tövsiyələr verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq teleradio yayımçılarına müvafiq tövsiyələr verilmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin hazırladığı sosial videoçarxlar nümayiş olunması üçün bütün ümumrespublika televiziya kanallarına göndərilmişdir.
Dövlət dilindən istifadə sahəsində görülən işlər
Milli Televiziya və Radio Şurası ədəbi dil normalarına riayət edilməsi sahəsində il ərzində QHT-lərlə əməkdaşlıq etmiş və Dövlət Proqramına uyğun olaraq dilçi mütəxəssislərlə birgə iş aparılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 dekabr 2018-ci il tarixli 857s nömrəli Sərəncamının 1-ci bəndinə əsasən “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması sahəsində Tədbirlər Planı” təsdiq olunmuşdur. Tədbirlər Planının 7-ci bəndinə əsasən 2019-cu il ərzində xarici kinofilmlərin Azərbaycan dilinə tərcümə işini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin əməkdaşları tərəfindən aprel - noyabr aylarında filmlərin dublyajı və subtitr tərcüməsi ilə məşğul olan mütəxəssislər üçün kurslar təşkil edilmişdir.
Həmçinin, Milli Televiziya və Radio Şurasının həyata keçirdiyi monitorinqlərin nəticələrinə uyğun olaraq 15 noyabr 2019-cu il tarixdə Nizami Kino Mərkəzində xarici filmlərin dublyaj olunması sahəsində ilin ən yaxşı televiziya kanalları və dublyaj əməkdaşları mükafatlandırılmış onlara müvafiq Sertifikatlar təqdim olunmuşdur.
Milli Televiziya və Radio Şurası, Elektron Mediaya Yardım Fondu və Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə təşkil etdikləri “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” Layihəsi əsasında 2019-cu ilin oktyabr-noyabr aylarında aparılmış monitorinqin nəticələri ilə bağlı 18-19 dekabr tarixdə Lənkəran şəhərində “ARB Cənub” TV kanalında, 20 dekabr tarixdə isə Sumqayıt şəhərinin “Dünya TV” kanalında tədbir keçirilmişdir.
Lisenziyaların verilməsi
Şura tərəfindən 2019-cu ildə “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 713 nömrəli Fərmanının 5.1-ci bəndinə əsasən bu Fərmanın qüvvəyə mindiyi gündən etibarən qüvvədə olan lisenziyaların müddətsiz hesab edilməsi ilə bağlı teleradio yayımçılarına verilmiş qüvvədə olan lisenziyaların yenidən rəsmiləşdirilməsi və onlara müddətsiz lisenziyalar verilməsi sahəsində müvafiq işlər həyata keçirilmişdir.
Cari ildə Şura tərəfindən 6 teleradio yayımçısına (1 ümumrespublika televiziya yayımçısı, 1 kabel şəbəkəsi yayımçısı, 4 İP TV operatoru) lisenziya verilmişdir.
- Şuranın 28 fevral 2019-cu il tarixli Qərarına əsasən, “MediaArt” şirkətinə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün müddətsiz lisenziya verilmişdir.
- Şuranın 23 aprel 2019-cu il tarixli Qərarına əsasən “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə müddətsiz lisenziya verilmişdir.
- Şuranın 28 iyun 2019-cu il tarixli qərarına əsasən “Selnet” MMC, “Megalink” MMC və “Bulud Store” MMC-yə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı (yayımın üsulu – internet) üçün müddətsiz lisenziya verilmişdir.
- Şuranın 04 dekabr 2019-cu il tarixli Qərarına əsasən, “Port Castle” MMC-yə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı (yayımın üsulu – internet) üçün müddətsiz lisenziya verilmişdir.
Həmçinin, Şuranın 05 noyabr 2019-cu il tarixli Qərarına əsasən, ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz tezliyinə 12 noyabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək müsabiqə elan olunması barədə qərar qəbul edilmişdir. Müsabiqədə iştirak etmək üçün 5 (beş) iddiaçı sənədlərini Şuraya təqdim etmişdir.
Yayımçılar barədə tətbiq edilmiş inzibati tənbeh tədbirləri
Şura tərəfindən aparılmış monitorinqlər zamanı Space TV kanalının efirində 04 aprel 2019-cu il tarixdə saat 08:00-11:00 arası yayımlanan “Hər Səhər” proqramında “Yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 3.7-ci bəndinin (ədəbsiz ifadələrdən, sözlərdən və ya jestlərdən istifadə edilən səhnələrin yayımlanması) tələbinin pozulduğu müəyyən edilmişdir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC barəsində inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə tərəfindən qeyd olunan pozuntuya görə “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC barəsində 6000 (altı min) manat cərimə cəzası tətbiq edilmişdir.
Beynəlxalq əməkdaşlıq
2019-cu il ərzində Hüquq və beynəlxalq əlaqələr şöbəsi tərəfindən teleradio yayımı sahəsində fəaliyyət göstərən bir sıra beynəlxalq qurumlar və birliklər ilə əlaqələr davam etdirilmişdir. Hesabat dövrü ərzində xarici ölkələrdən, beynəlxalq təşkilatlardan və tənzimləyici qurumlardan Milli Televiziya və Radio Şurasına ünvanlanmış məktub və sənədlər şöbə əməkdaşları tərəfindən tərcümə olunmuş, anket sorğular cavablandırılmış və həmin təşkilatlarla rəsmi yazışmalar aparılmışdır.
6 may 2019-cu il tarixdə Milli Televiziya və Radio Şurasının təşkilatçılığı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Media və İnformasiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun 7-ci toplantısı keçirilmişdir. Həmçinin, 7 may 2019-cu il tarixində Türk Şurasına (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına) daxil olan ölkələrin İnformasiya və Media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 2-ci Toplantısı keçirilmişdir. Bu Topluntularla bağlı bir sıra sənədlər tərcümə olunmuş, təşkilatı məsələlər ilə bağlı fəaliyyət həyata keçirilmişdir.
23 may 2019-cu il tarixdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) təşkilatçılığı ilə keçirilmiş Bişkek Media Forumunda iştirak etmişdir. Səfərdən əvvəl və sonra bir sıra sənədlər tərcümə olunmuş, təşkilatı məsələlər beynəlxalq əlaqələr üzrə əməkdaşlar tərəfindən həll olunmuşdur.
27 - 29 may 2019-cu il tarixlərində Moldova Respublikasının Audiovizual Şurasının sədri Dragoş Vikol və şura üzvü Artur Kozma Bakıya işgüzar səfər etmişlər. Səfər çərçivəsində qonaqları Milli Televiziya və Radio Şurasının sədri qəbul etmişdir. İki qurum arasında əlaqələrin mövcud vəziyyəti və 2017-ci ildə qurumlar arasında imzalanmış Əməkdaşlıq Protokolu çərçivəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. Bu səfər çərçivəsində qonaqlar, həmçinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbərliyi ilə də görüşlər keçirmişlər. Beynəlxalq əlaqələr üzrə əməkdaşlar qonaqların səfərinin, Bakıda görüşlərinin təşkil olunmasını, ikitərəfli yazışmaları, mətbuata press relizlərin ötürülməsini həyata keçirmişlər.
29 may – 1 iyun 2019-cu il tarixlərində Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Bosniya və Herzegovinanın paytaxtı Sarayevoda Yayım Tənzimləyici Orqanlarının Avropa Platformasının (EPRA) 49-cu Toplantısında iştirak etmişdir.
23-26 oktyabr 2019-cu il tarixlərinə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Yunanıstanın paytaxtı Afina şəhərində Yayım Tənzimləyici Orqanlarının Avropa Platformasının (EPRA) 50-ci Toplantısında iştirak etmişdir. Bu səfərlərdən əvvəl və sonra bir sıra sənədlər tərcümə olunmuş, təşkilatı məsələlər beynəlxalq əlaqələr üzrə əməkdaşlar tərəfindən həll olunmuşdur.
Şöbə əməkdaşları rəqəmli yayımdan sonra yaradılan audiovizual media xidmətləri (VoD, OTT və s) və onların tənzimlənməsi barədə araşdırmalar aparmış, müxtəlif mənbələrdən tərcümələr etmiş, araşdırmaları daxili bazardakı mövcud vəziyyət barədə məlumatlarla tamamlayaraq rəhbərliyə təqdim etmişlər.
Hazırda rəqəmli radioya keçidlə bağlı Avropa təcrübəsinin oyrənilməsi davam edir.
Texniki sahədə fəaliyyət
Milli Televiziya və Radio Şurasının Maliyyə və texniki nəzarət şöbəsi hesabat dövrü ərzində yerüstü, peyk, kabel televiziya və radio yayımına texniki nəzarət işini həyata keçirmişdir. Hər üç yayım formasına qoyulan tələblər, standartlar və normalar nəzərə alınmaqla televiziya və radio yayımı şəbəkələrində müvafiq ölçmələr, monitorinqlər və alınmış nəticələrin təhlili əsasında şəbəkələrin işinin yaxşılaşdırılması və yeni standartların tətbiqi istiqamətində işlər aparılmışdır.
Bundan başqa, televiziya və radio yayımı zamanı tələb olunan norma və standartlara əməl olunmasına nəzarət işi həyata keçirilmişdir. Aparılan ölçmələr nəticəsində yerüstü televiziya və radio yayımı zamanı faydalı sahə gərginliklərinin, yaranan interferensiyaların, zolaqkənarı şüalanmaların səviyyələri müəyyən olunmuş, alınan nəticələr standart və normalar üzrə tələb olunan səviyyələrlə müqayisə olunaraq yerüstü yayımın keyfiyyətinin daha da yaxşılaşdırılması üçün təkliflər verilmişdir. Şöbə tərəfindən həm də televiziya və radio yayımında yeni avadanlıqların tətbiqi zamanı standatlara riayət olunmasına nəzərət işi həyata keçirilmişdir.
Cari ildə şöbənin gördüyü işlər haqqında əsasən aşağıdakıları qeyd etmək vacibdir:
1. Azərbaycan Respublikasının əksər ərazilərində ölkə televiziya və radio proqramlarının monitorinqi aparılmış və xarici televiziya və radio yayımlarının yaratdığı interferensiyaların səviyyələri ölçülmüşdür. Ölçmələr ölkəmizin efir məkanının qorunması ilə əlaqədar olan təşkilatların nümayəndələri ilə birgə aparılmışdır. Ölçmələrin nəticələrinə əsasən müvafiq aktlar tərtib olunmuşdur. Aparılan monitorinqin nəticələri əvvəlki monitorinqin nəticələri ilə müqayisə olunmuş, fərqlər üzə çıxarılmış və nöqsanların aradan qaldırılması üçün əməli təkliflər verilmişdir. Tərtib olunmuş protokollar və təkliflər əsasında rəylər Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim olunmuşdur.
Monitorinqin nəticələri göstərmişdir ki, ölçmə aparılmış ərazilərdə ölkəmizin televiziya proqramlarının yayımı normaldır, ölçülmüş sahə gərginlikləri minimal həddən aşağı deyil. Lakin ölkəmizin radio proqramlarının FM yayımı hələlik lazımi səviyyədə deyildir.
Bununla yanaşı, ölkəmizin ərazisində xarici ölkələrin həm televiziya, həm də radio proqramları geniş şəkildə yayımlanması qeyd olunmuşdur. Belə ki, cənub bölgəsində İran İslam Respublikası, cənub-qərb bölgəsində isə həm İran İslam Respublikası, həm də ölkəmizin işğal olunmuş ərazilərindən yayımlanan televiziya və radio dalğalarının yaratdıqları sahə gərginlikləri yüksəkdir və sayca çoxdur. Bu isə interferensiyaların yaranmasına səbəb olur. Xüsusən cənub-qərb bölgəsində ölkəmizin bir necə FM proqramı yayımlandığı ərazilərdə xarici radio proqramlarının FM yayımı 10-a yaxın xarici stansiyadan aparılmaqdadır. Müşahidə olunmuşdur ki, eyni xarici radio proqramı bir neçə xarici stansiyadan yayımlanır. İran İslam Respublikası ərazisindən amplitud modulyasiyası ilə işləyən radiovericilərin də fəaliyyət göstərdiyi aşkar olunmuşdur.
Aparılan monitorinqlərin nəticələri ölkəmizin müxtəlif aidiyyatı təşkilatlarından olan mütəxəssislərlə birgə təhlil olunmuş, müvafiq hesabat və təkliflər hazırlanmışdır.
2. Ölkəmizdə ilk dəfə olaraq DVB-T2 standartının tətbiqi üzrə əməli təkliflər verilmişdir. Bu məqsədlə Bakı şəhəri və Abşeron yarımadası ərazisində 34-cü TV yayım kanalı ayrılmış və 2,4 kVt-lıq orta gücə malik olan TV yayım vericisi ilə İTV televiziya kanalının Full HD formatında və CBC Sport televiziya kanalının isə HD formatında yayımına başlanmışdır. Bu standartın tətbiqi ilə həm də əhalidə olan TV qəbuledicilərinin həmin standartlı TV verilişlərini dəstəkləmək imkanı öyrənilmışdir. Yayım müddəti ərzində CBC Sport TV kanalının tamaşaçılarının rəyi öyrənilmiş, Bakı şəhəri və Abşeron yarımadası ərazisində yaşayan TV tamaşaçılarının adı çəkilən standartın tətbiqinə hələ tam hazır olmadıqları aydınlaşdırılmışdır.
3. Bakı şəhəri və Abşeron yarımadası ərazisində TV yayım kanallarının səmərəli istifadə olunması istiqamətində texniki tədbirlər davam etdirilmişdir. Bu ərazidə 700...800 MHz tezliklər diapazonunda istifadə olunan TV yayım kanallarının, həmçinin ümumiyyətlə desimetrlik diapazonda boş olan istifadəyə yararlı TV yayım kanallarının siyahısı çıxarılmış, 48-ci TV yayım kanalından yuxarı olan kanalların aşağı kanallara dəyişdirilməsi üzrə təkliflər hazırlanmış və qarşılıqlı əvəzetmə cədvəli tərtib olunmuşdur. 48-ci TV yayım kanalından yuxarı kanalların aşağı TV yayım kanallarına dəyişdirilməsi zamanı tələb olunan məsrəflərin qarşılanması üçün dünya praktikası təhlil olunmuş, ölkəmizdə həm özəl, həm də dövlət yayımçı və operatorlara məxsus olan avadanlıqların tam və ya qismən dəyişdirilməsi imkanları araşdırılmış, bu zaman tələb olunan avadanlıq (yeni TV yayım vericiləri, bəzi hallarda isə modulyator, kombayner və antenna-fider qurğuları), nəqliyyat, gömrük, əlavə dəyər vergisi və montaj-kökləmə işləri də daxil olmaqla xərclərin tam məbləği hesablanmışdır. Ölkəmizin televiziya yayım şəbəkəsində bu problemin mümkün həlli yolları müxtəlif səviyyələrdə müzakirə olunmuş və müvafiq protokollar tərtib olunmuşdur.
4. Ölkəmizdə rəqəmli radio yayımının tətbiqi üzrə texniki tədbirlərin həyata keçirilməsi ilə bağlı dünyanın müxtəlif ölkələrində rəqəmli radio yayımının tətbiq olunan standartları (İBOC, DRB, DAB və DAB+ standartları) araşdırılmış, standartların parametrləri müqayisə olunmuş və nəticələr Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Dövlət Radiotezliklər İdarəsinin və “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin mütəxəssisləri ilə dəfələrlə müzakirə olunmuşdur. DAB və ya DAB+ standartı üzrə rəqəmli radio yayımının həyata keçirilməsi üçün 11-ci TV yayım kanalının B diapazonu (11B, III diapazon) ayrılmışdır. Həmin diapazonda Bakı şəhəri və Abşeron yarımadası ərazisində (Bakı teleqülləsindən) gücü 1 kVt, antennasının hündürlüyü 264 - 280 metr olan DAB+ standartı üzrə 12 radioyayım proqramının paket yayıma başlanmışdır. Dövlət Radiotezliklər İdarəsinin və Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin mütəxəssisləri ilə birlikdə həmin yayımın monitorinqi aparılmış, nəticələr əsasında rəqəmli radio yayımının yüksək keyfiyyətə malik olduğu və tətbiq olunmuş radiovericinin Bakı şəhəri və Abşeron yarımadasının əksər ərazilərində tələb olunan səhə gərginliyini təmin etdiyi aydın olmuşdur. Belə ki, ölçmələr aparılan ən ucqar 11 müxtəlif məntəqədə (Tağıyev qəsəbəsi, Qobustan qəsəbəsi, Sumqayıt şəhəri və başqaları) sahə gərginliyi 37 - 48 dBmkV olmuşdur.
5. Genişzolaqlı yüksəksürətli texnologiyaların tətbiqinin genişləndirilməsi məqsədilə yeni tezlik diapazonlarının axtarılması və nəticə olaraq yerüstü rəqəmli TV yayımının istifadədə olan yuxarı kanallarının aşağı kanallara keçirilməsi üçün Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin və Dövlət Radiotezlikləri İdarəsinin mütəxəsssisləri ilə birlikdə əməli təkliflər hazırlanmışdır.
6. Peyk televiziya və radio yayımı üzrə dünya praktikasına əsaslanaraq hər bir TV və radio yayımı üçün ayrılması tələb olunan tezlik zolağının minimal qiymətləri dəqiqləşdirilmiş və bu zaman subyektiv qiymətləndirmə yolu ilə təsvirin qiymətləndirilməsi həyata keçirilmişdir. İmkanları məhdud olan yayımçılar üçün peyk yayımı və platforma xərclərinin minimal qiymətləri müəyyən olunmuşdur.
7. İnkişaf etmiş dünya ölkələrində rəqəmli televiziya yayımı sahəsində tətbiq olunan yeniliklər daim izlənmiş, bu yeniliklərin ölkəmizin televiziya yayım şəbəkəsində istifadə olunma imkanları araşdırılmış və nəticə olaraq təsvirin canlandırılma keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi üçün təkliflər irəli sürülmüşdür. Şəbəkənin inkişafı, onun parametrlərinin yaxşılaşdırılması zamanı qəbuledici avadanlıqların imkanları nəzərə alınmış, mümkün hallarda yeniliklər tətbiq edilmişdir. SD formatından HD və Full HD formatlarından hər hansı birinə keçilməsi üçün TV yayım kanalları ayrılmış, İTV, CBC Sport, ARB 24, Real TV yayımçılarının video və audio avadanlıqları və studiyalarına baxış keçirilmiş, onların yüksək dəqiqlikli TV yayımını təmin etmə imkanları yoxlanılmışdır. AzTV, Mədəniyyət TV, İdman TV kanallarına məxsus videoavadanlıqların bəzilərinin HD formatına uyğun olmaması aydın olmuşdur. Qeyd etmək lazımdır ki, ilkin olaraq SD formatında olan TV yayım təsvir siqnalının sonradan HD formatına çevrilməsi zamanı dəqiqlik nöqteyi nəzərindən lazımı nəticələr almağa imkan vermir.
8. Mövcud yerüstü yayım şəbəkəsində interferensiyaların azaldılması tədbirlərinin həyata keçirilməsi. Belə qarşılıqlı interferensiyalar həm ölkəmizin, həm də xarici ölkələrin TV və radio yayım stansiyaları tərəfindən şüalandırılan elektromaqnit dalğalarının təsirindən yaranır. Stansiyalar arasında yaranmış yeni interferensiyalar aşkarlanmış, onların baş vermə səbəbləri araşdırılmış, güclərin lazım olan səviyyəyə gətirilməsi (güclərin tənzim olunması), işçi tezliklərin dəyişdirilməsi yolu ilə interferensiyaların azaldılması və ya tamamilə aradan qaldırılması üzrə təkliflər verilmişdir. Zolaqkənarı şüalanmalar səbəbindən yaranan interferensiyaların aradan qaldırılması və ya minimal həddə yaxınlaşdırılması məqsədilə bəzi FM vericilərinin çıxış süzgəcləri ilə təmin olunması və ya bir neçə radioverici bir verici antennaya işlədikdə rejektor süzgəci tətbiq etməklə interferensiyaların minimal həddə yaxınlaşdırılması təklifi yayımçılar qarşısında qaldırılmış və bir neçə radiovericidə çıxış süzgəcləri artıq tətbiq olunmuşdur.
Yeni interferensiyaların aradan qaldırılması üçün Dağlı Radio-televiziya yayım stansiyasından (Quba rayonu) Avto FM-in 104,1 MHz işçi tezliyi 102,3 MHz tezliyinə dəyişdirilmiş və Bakı Teleqülləsindən 104 MHz tezliyində Space radio yayım siqnalının yaratdığı maneə aradan qaldırılmışdır. Həmin məqsədlə Radio Antennin Poylu Radio-televiziya yayım stansiyasından (RTYS-dən) yayımı üçün istifadə olunan 100,0 MHz işçi tezliyi 101,3 MHz işçi tezliyinə dəyişdirilmişdir. Avto FM-in Quba Radio-Televiziya Yayım Stansiyasından yayım tezliyinin dəyişdirilməsi də interferensiyaları aradan qaldırmağa imkan vermişdir.
9. Azərbaycan Respublikası ərazisində FM radioyayımının əhatə dairəsinin genişləndirilməsi məqsədilə 88 - 108 MHz diapazonundan istifadəyə yararlı boş olan yeni tezliklər ayrılmışdır. Belə ki, 100,5 FM-in Poylu Radio-televiziya yayım stansiyasından (Ağstafa rayonu) yayımı üçün 94,1 MHz, 100,5 FM və Xəzər FM-in Təpəcənnət RTYS-dən (Şəki rayonu) yayımı üçün uyğun olaraq 92,2 MHz və 96,3 MHz, ASAN Radionun xidmət zonasının genişləndirilməsi üçün Poylu RTYS-dən onun yayımının həyata keçirilməsi üçün 100,0 MHz, Gülüstan RTYS-dən (Ağsu rayonu) və Danaçı RTYS-dən (Zaqatala rayonu) onun yayımları üçün 95,6 MHz, Şamaxı Radio-televiziya stansiyasından yayımı üçün 96,5 MHz, İctimai Radio proqramının Bakı teleqülləsindən yayımı üçün əlavə olaraq 94,5 MHz işçi tezlikləri ayrılmışdır.
10. TV yayımının üç forması – yerüstü, kabel və peyk yayımı üçün istismarda olan avadanlıqların siyahısı tərtib olunmuşdur. Tərtib olunmuş cədvəllərdə yerüstü TV yayımı üçün istifadə olunan kanallar, radiovericilər, onların standartları, tipi, gücü, parametrləri, TV yayımının tezliklər cədvəli, diapazonları, boş olan istifadəyə yararlı TV yayım kanallarının siyahısı öz əksini tapmışdır.
11. Ölkəmizin ərazisində istismarda olan FM radioyayım avadanlıqlarının siyahısı çıxarılmış, həmin avadanlıqların parametrlərini əks etdirən cədvəl tərtib olunmuşdur. Boş olan istifadəyə yararlı işçi tezliklərin siyahısı çıxarılmışdır. Hər bir FM radio proqramının əhatə zonaları hesablanmış, əvvəlki ilə nəzərən əhatə zonasının genişlənməsi hesablanmaışdır. FM radioyayım şəbəkəsinin daha da genişləndirilməsi, radioyayım tezliklərindən səmərəli istifadə olunması üzrə əməli təkliflər verilmişdir.
12. Ölkəmizin ərazisində olan hər bir TV və radio yayım stansiyanın koordinatları, istifadə olunmuş yerüstü yayım vericisinin tipi, verici antennanın gücləndirmə əmsalı və hündürlüyü, İP TV yayımçılarının siyahısı, xidmət əraziləri cədvəli, «Azərspace» peyki vasitəsilə yayımlanan TV və radio proqramlarının yeni siyahısı, yayımlandığı diapazonları, məxsus olduqları ölkələrdəki statuslarını əks etdirən cədvəlin yeni variantı tərtib olunmuşdur. Burada istifadədə olan və boş qalan tezliklərin siyahısı verilmiş, yerüstü TV və radio yayımının genişləndirilməsi imkanları göstərilmişdir.
Həm televiziya, həm də radio yayımının hər üç forması üzrə olan bütün texniki məlumatlar bir toplu formasına salınmış və məcmuə şəklində çapa hazırlanmaq üçün elektron variant işlənib tamamlanmışdır.
Monitorinqlərin təşkili və qanunvericiliyin icrasına nəzarət
Ekspertiza, proqramlaşdırma və analitik şöbə 2019-cu il ərzində illik iş planında nəzərdə tutulmuş funksiyalarına uyğun olaraq ölkə ərazisində fəaliyyət göstərən teleradio yayımçılarının mütəmadi monitorinqini aparmışdır. Monitorinqlər yayım növünə və yayımçıların statusuna uyğun olaraq bir sıra istiqamətlərdə aparılmışdır.
Aparılan daimi monitorinqlər telekanalların fəaliyyətində hüquqa zidd məqamların dərhal aşkarlanmasına şərait yaratmışdır. Görülən işlərin nəticəsi olaraq Şura sədrinə ölkə teleməkanı barəsində mütəmadi olaraq günlük və müəyyən dövrlər üzrə ümumiləşdirilmiş hesabatlar təqdim edilmişdir.
Ümumrespublika televiziya yayımçılarının illik monitorinq nəticələrinin təhlili göstərir ki, dövlət büdcəsindən maliyyələşən Azərbaycan TV (AzTV), Mədəniyyət TV, İdman TV-nin proqram səbətində xüsusilə maarifləndirici verilişlər, layihələr üstünlük təşkil edir. Bu yayımçıların proqram səbətində ölkə və dünya mədəniyyətinə, incəsənətinə, idmanına və s. həsr olunmuş keyfiyyətli efir materialları yer alır. Bu kanallarda yayımlanan verilişlər müxtəlif tamaşaçı auditoriyasının zövqünü nəzərə almaqla hazırlanmaqdadır. Bu qəbildən olan verilişlərə AzTV-də “Kitab klubu, “Milli istehsal”, “Sağlam ol”, “Uğur düsturu”, “Texnoxəbər”, “Tarixin izi ilə”, “Məmləkətim”, “Təhsil üçbucağı, “Nəsillərin debatı”, “əsas məsələ”, “Rakurs”, “Gəncsən”, “Gənclik stansiyası”, “Vətənə xidmət” və s.; Mədəniyyət TV-də “Azərbaycan dili”, “Bizi birləşdirən mədəniyyət”, “Məclisi-üns”, “İrfan səması”, “Şirin yuxular”, “Torpağın sirri”; İdman TV-də “Şahmat klubu”, “Telefitnes”, “Flaqman”, “İdman sağlamlığın rəhnidir” və s. nümunə göstərmək olar.
Büdcədən maliyyələşən ictimai kanal olan İTV-nin də proqram səbəti zəngindir. Belə ki, burada maarifləndirici, milli dəyərləri təbliğ edən layihələrə, müzakirə proqramlarına, dünya mədəniyyəti və incəsənətinin nümunələrinə, idmana geniş yer verilir. Bu səpkidən olan verilişlərə “Nə? Harada? Nə vaxt?", “Sabaha saxlamayaq”, “#İTV tech”, “Bir mahnının tarixçəsi”, “Radius”, “Diqqət mərkəzi”, “MAG”, “Dikdaban”, “3D”, “Fatehin divanı”, “Ötən günlər” və s. misal ola bilər. Qeyd edək ki, əvvəlki illərlə müqayisədə kanalın proqram səbətində maarifləndirici layihələrin həm sayında, həm də keyfiyyətində artım müşahidə olunur.
Dövlət büdcəsindən maliyyələşən yayımçıların efirlərinin izlənilməsi zamanı bəzi nöqsanlar diqqəti cəlb etmişdir. Belə ki, “Televiziya və radio yayımı haqqında” Qanunun 32.0.10-cu maddəsinə görə, dövlət və ictimai teleradio yayımçıları tərəfindən insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası barədə maarifləndirici verilişlərin, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayrılmalı və həmin verilişlərin daha əlverişli vaxtda yayımı təmin edilməlidir. Monitorinqlər zamanı dövlət büdcəsindən maliyyələşən yayımçıların Qanunun bu tələbinə riayət etmədikləri müşahidə edilir. Həmçinin “Televiziya və radio yayımı haqqında” Qanunun 32.0.8-ci maddəsinin (karlar və zəif eşidənlər üçün tədris və informasiya xarakterli sosial yayımlar təşkil olunmalıdır) tələblərinə də, dövlət və ictimai yayımçıların əməl etməməsi diqqəti cəlb edir. Qeyd olunan nöqsanlar Şura iclaslarında müzakirə olunmuş, həmin yayımçılara qanunvericiliyin bu müddəalarına əməl olunmasına ciddi nəzarət etmələri istiqamətində irad və tövsiyələr bildirilmişdir.
Özəl yayımçıların efirinə gəlincə, onların da proqram səbətində maarifləndirici layihələr az deyildir. Məsələn, ARB-də “Biz birik”, “Əsgər”, “Rezonans”, “Pəncərə”, “Bu qədər”, “Öz evimiz” və s; ATV-də “Yol əhvalatı”, “Yeni evim”, “Marş irəli”, “Zövqə doğru”, “Yadındamı”, “Azərbaycanın səsi-bala”, “Həkimsən”, “Oralar”, “İdeal saat”; Xəzər TV-də “Könül dünyamız”, “Çöl adamı”, “Ənənə boxçası”, “Sirdaş”; Space TV-də “İnam”, “El bizim, sirr bizim”, “Banu”, “Çarə” və s.
İl ərzində, xüsusilə, sentyabr ayından yeni mövsümün başlanmasından özəl yayımçıların proqram səbətində aktual ictimai-siyasi mövzulara həsr olunmuş verilişlərin artım tendensiyası müşahidə edilmişdir. Məsələn, ARB-də “Sitatın sonu”, Xəzər TV-də “Xəzər aktual”, ATV-də “ATV aktual”, Lider TV-də “Mövqe”, “Panoram”, “Səda həftə”, “Geosiyasət”, “Gələcəyə doğru”, “Seçim” və s. bu qəbildəndir. Bundan başqa, Real TV və ARB24 kanallarında da bu məzmunda verilişlər çoxalmışdır.
2019-cu il ərzində özəl yayımçılar tərəfindən teleradio yayımı haqqında qanunvericiliyin müxtəlif maddələrinin pozulması hallarına da yol verilmişdir. Televiziya kanallarının yayım zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun daha çox 35.2 (Texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna özünün dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayımlanması qadağandır) və 35.7-ci (Reklamın və teleticarətin ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz) maddələrinin tələblərinə əməl etməmələri müşahidə edilmişdir.
Müxtəlif verilişlərdə, hətta xəbər proqramlarında gizli reklam halları mövcud olmuşdur. Belə ki, xəbər adı altında hansısa əmtəə, kommersiya obyekti, brend haqqında reklam xarakterli süjetlərə bəzi kanalların (Xəzər TV, ATV, Lider TV, ARB) xəbər buraxılışlarında rast gəlinmişdir. Aparılmış monitorinqlərdə reklamın 1 saata düşən həcminin qanunvericilikdə nəzərdə tutulmuş maksimumdan (12 dəqiqə) artıq olması və «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin (Sponsor və sponsor reklamı) tələblərinin pozulması halları diqqəti cəlb etmişdir. Xüsusən seriallarda, sponsor reklamlarında ciddi nöqsanlar var. Bəzən hətta sponsorlar serialın süjet xəttinə də daxil edilir və serialın müəyyən bir bölümü səhnələşdirilmiş şəkildə sponsorun qabarıq reklamına həsr olunur.
Bundan başqa, “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nın 2.2-ci maddəsinin (Yayımlanan televiziya proqramlarının kadrına qaçan sətirlə yerləşdirilən reklam kadrın aktiv hissəsinin 7 faizindən çox sahəsini tutmamalıdır) tələblərinin mütəmadi olaraq pozulması halları da aşkarlanmışdır.
Bir sıra özəl yayımçıların efirində «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 32.0.9-cu maddəsinin (milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır) tələblərinə tam surətdə riayət olunmaması diqqəti cəlb etmişdir. Qeyd etmək lazımdır ki, milli-mənəvi dəyərlərin efirdə pozulması halları sosial problemlərin müzakirə olunduğu verilişlərdə də baş verir. Belə ki, müzakirə tipli verilişlərdə bir çox hallarda ailələrin, şəxslərin özəl-intim həyatının nümunə olmayacaq təfsilatları müzakirəyə çıxarılır, faktlar səsləndirilir.
Milli-mənəvi dəyərlərin pozulması hallarına il ərzində efirlərdə yayımlanmış bir sıra reklam çarxlarında (“Kişi ürəyi” adlı dərman vasitəsi və s.) da rast gəlinmişdir.
Seriallarda, xüsusən komediya janrında çəkilmiş seriallarda bir çox hallarda xalqımızın ailə-məişət münasibətləri, ailə dəyərləri təhrif olunur. Valideyn-övlad, qohumlararası münasibətlər Azərbaycan ailəsinə xas olmayan bir şəkildə təqdim edilir.
Ümumilikdə qeyd etmək lazımdır ki, Şura tərəfindən atılmış ciddi addımlar nəticəsində 2019-cu il ərzində teleradio yayımı haqqında qanunvericiliyin tələblərinin yayımçılar tərəfindən icrası istiqamətində müsbət dinamika müşahidə edilmişdir. Yayımçıların proqram səbətində ölkə və şəxsi istehsal olan efir materiallarının, o cümlədən maarifləndirici və əyləndirici layihələrin, verilişlərin artması da diqqəti cəlb etmişdir. Serial təsərrüfatının maddi texniki bazasının möhkəmləndirilməsi işinə əvvəlki illərdə göstərilmiş dövlət dəstəyinin nəticəsi olaraq bu il ərzində yayımçıların efirində xeyli sayda yeni serialların yayımlanması müşahidə olunmuşdur.
Televiziya proqramlarının aparıcı və diktorları ilə bağlı müsbət tendensiyalar diqqət çəkməkdədir. Ötən il ərzində teleaparıcıların fəaliyyətində müşahidə olunan müsbət dəyişikliklərdə ədəbi dilin qorunması istiqamətində MTRŞ-nin AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının birgə həyata keçirdiyi layihələr mühüm rol oynamışdır.
Bununla belə, şöbədə il ərzində aparılan monitorinqlər zamanı efir məkanında Dövlət dilinin istifadəsi ilə bağlı müəyyən problemlər aşkarlanmışdır. Həmin problemlər əsasən aşağıdakı istiqamətlərdə müşahidə edilmişdir:
- aparıcıların bir sıra hallarda Azərbaycan ədəbi dilinin normalarına riayət etməməsi, nitqlərində dolaşıqlığa, söz sırasının pozulmasına yol verməsi, məişət dilini efirə çıxarması, bəzən bayağı nitq sərgiləmələri;
- aparıcıların qeyri-dövlət dilində olan söz və ifadələrdən istifadə etmələri;
- aparıcıların dəvət olunmuş xarici dilli qonaqlarla xarici dildə danışmağa meyil etməsi; aparıcıların nitqlərində rus və türk dilinin təsirinin hiss edilməsi:
- bəzi aparıcıların ləhcədə danışması;
- verilişlərdə xarici dildə danışan qonaqların nitqinin yalnız subtitrlə tərcümə edilməsi;
- teleradio verilişlərində və reklamlarda tamaşaçı və dinləyici auditoriyasını qıcıqlandıra biləcək kobud sözlər, söyüşlər, qeyri-etik və təhqiramiz ifadələrin işlədilməsi və s.
İl ərzində ölkə ərazisində fəaliyyət göstərən radio kanalların da növbəli şəkildə monitorinqləri aparılmışdır. Monitorinqlər zamanı radio kanallar tərəfindən yol verilmiş bir sıra nöqsanlar aşkar edilmiş və müvafiq şəkildə sənədləşdirilmişdir.
Qeyd olunmalıdır ki, radio yayımçılarının efirində qanunvericiliyin tələblərinə riayət olunması istiqamətində ötən illərlə müqayisədə müəyyən müsbət dəyişikliklər diqqəti cəlb etsə də, sponsor reklamları və interaktiv proqramlarda aparıcılar tərəfindən xoşagəlməz davranışlara, ifadələrə yol verməsi ilə bağlı faktlar müşahidə edilmişdir.
Əvvəlki illərdə olduğu kimi, hesabat ilində də Ekspertiza, proqramlaşdırma və analitik şöbə tərəfindən monitorinq məqsədilə nəzarət fonoqramı formasında televiziya və radiokanalların efir yayımlarının audio və video yazıları aparılmış və onların qanunvericiliyin tələblərinə uyğun şəkildə arxivləşdirilməsi həyata keçirilmişdir.
Aparılmış monitorinqlərin nəticələri barəsində Şura sədrinə mütəmadi hesabatlar təqdim edilmiş, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə teleradio yayımı ilə bağlı yer almış materiallar araşdırılaraq müəyyən təhlillər aparılmışdır.
Kargüzarlığın təşkili və elektron xidmətlər
Şura Aparatının Ümumi sektoru Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair” Təlimatı və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununu rəhbər tutaraq və öz funksiyasına uyğun olaraq 2019-cu il ərzində aşağıdakı sənədləşmə işlərini görmüşdür.
Ümumi sektor Milli Televiziya və Radio Şurasının rəhbərliyi tərəfindən imzalanan 94 əmr hazırlamışdır. İmzalanan əmrlərdən 8-i ezamiyyət, digərləri isə kadr məsələləri ilə bağlı olmuşdur.
2019-cu il ərzində Milli Televiziya və Radio Şurasına 930 sənəd daxil olmuşdur. Daxil olan sənədlərdən 83-ü vətəndaş müraciətləri, 418-i normativ hüquqi sənədlər, 63-i Azərbaycan Nazirlər Kabinetindən və Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasından məlumat, tapşırıq və tövsiyə xarakterli sənədlər, digərləri isə mərkəzi icra hakimiyyəti orqanlardan və digər təşkilatlardan daxil olan müxtəlif xarakterli sənədlərdir. Daxil olan sənədlər Şura sədrinin dərkənarı ilə xarakter və təyinatına uyğun olaraq icra olunmaq üçün ümumi sektor tərəfindən Şuranın struktur bölmələrinə paylanmışdır.
Həmçinin ümumi sektorda 2019-cu il ərzində Milli Televiziya və Radio Şurası tərəfindən respublikanın ayrı-ayrı nazirlik, idarə, təşkilatlarına, hüquqi və fiziki şəxslərinə göndərilən 386 sənəd hazırlanmışdır. Bunlardan 58-i teleradio yayımçılarına tövsiyə və tapşırıq xarakterli, 70-i vətəndaş müraciətlərinə cavab, digərləri müxtəlif xarakterli sənədlərdir.
Ümumi sektor 2019-cu ildə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin www.reyerstr.dim.gov.az internet resursu vasitəsilə Şura Aparatının dövlət qulluqçularının reyestrini və www.exidmet.dim.gov.az/VIS internet resursu vasitəsi ilə dövlət qulluğu vəzifələrinin idarəedilməsi sistemində müvafiq işlər aparmışdır.
Ümumi sektor həmçinin 2019-cu ildə kadrların işə qəbulu üzrə www.e-gov.az internet resursu üzrə elektron sənədləşmə işləri həyata keçirmiş və idarələrarası elektron sənəd dövryyəsi vasitəsilə daxil olan sənədləri qəbul etmiş və sənəd ünvanlamışdır.