Azərbaycan Respublikası Audiovizual Şurası

Dənizkənarı Milli Parkda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Gününə həsr olunan tədbir keçirilmişdir.

22 iyul 2021-ci il tarixində Dənizkənarı Milli Parkda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Gününə həsr olunan tədbir keçirilmişdir. Tədbirdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra qalib ölkənin mediasını özündə əks etdirən "Milli Mətbuat günü-146 il" adlı video-çarx tədbir iştirakçılarına nümayiş olunmuşdur.

Tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirmişdir ki, 146 illik Azərbaycan mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ictimai ideyaların carçısı olmuşdur. Daha sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının aparat rəhbəri Fazil Novruzov çıxış etmişlər.

Çıxışlardan sonra Medianın İnkişafı Agentliyi və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə hazırladığı "Əkinçinin doğru sözü" adlı sənədli filminin treyleri nümayiş olunmuşdur. Tədbirdə, həmçinin, "Mətbuat inciləri" jurnalına həsr olunan video-çarx nümayiş olunmuş, həmin jurnalda nəşr olunacaq materialların sərgisi təqdim olunmuşdur.