Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Media və İnformasiya üzrə İşçi Qrupun 8-ci Toplantısı keçirilmişdir.
Bugün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurasının) Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü Toplantısı çərçivəsində İşçi Qrupun 8-ci görüşü olmuşdur.
Tədbirdə Türk Şurası katibliyinin rəhbərliyi, üzv dövlətlərin - Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın və Özbəkistanın, həmçinin, müşahidəçi ölkə qismində Macarıstanın informasiya və media üzrə rəsmiləri, media tənzimləyici qurumlarının, milli televiziya kanallarının, dövlət informasiya agentliklərinin məsul şəxsləri iştirak etmişlər.
Toplantıda Türk Şurasının üzv dövlətləri arasında media və informasiya sahəsində əməkdaşlığın inkişafı, türk xalqlarının tarixi və mədəniyyəti barədə videofilmlərin və cizgi filmlərinin hazırlanması, milli televiziya kanallarının nümayəndələrindən ibarət əlaqələndirici qrupun yaradılması, televiziya proqramlarının və filmlərin sürətli mübadiləsi məqsədilə yaradılmış "FTP hovuzu"nun gücləndirilməsi, beynəlxalq media forumlarında Türk Şurasının iştirakı, media ekspertləri üçün proqram mübadiləsi və təlim kurslarının təşkili, nazirlərin toplantısının gündəliyinin layihəsi, 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planının hazırlanması müzakirə olunmuşdur.