Azərbaycan Respublikası Audiovizual Şurası

Qara Dəniz Yayım Tənzimləyici Orqanlarının Forumu (BRAF)

 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (BSEC) üzv dövlətlərinin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarını özündə birləşdirən BRAF (Black Sea Broadcasting Regulatory Authorities Forum) həmin region ölkələrinin yayım tənzimləyici qurumları arasında dialoq və əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması məqsədi ilə yaradılmış bir regional platformadır. BRAF üzv qurumlar arasında mövcud əməkdaşlıq və koordinasiyanı təşviq edir. 12 üzvü olan BRAF regionda kommunikasiya hüququnun gücləndirilməsi, universal əlçatanlığın təmin edilməsi və idarəetmə, eləcə də ictimai maraq doğuran məsələlər üzrə informasiya azadlığının inkişafı istiqamətində işi əlaqələndirir.

2007-ci ildə Türkiyənin Radio və Televiziya Ali Şurası (RTÜK) BSEC üzv dövlətlərinin yayım tənzimləyici orqanlarını özündə birləşdirən platformanı yaratmaq üçün təklif layihəsini üzv dövlətlərə təqdim etmişdir. Bunun ardından, təklif BSEC İnformasiya və Kommunikasiya Texnologiyaları İşçi Qrupunun 4-5 dekabr 2007-ci il tarixlərində Ukraynanın Kiyev şəhərində keçirilmiş iclasında qəbul olunmuşdur.

BSEC üzv dövlətlərinin yayım tənzimləyici orqanları 2008-ci il 30 iyun tarixində BSEC-in İstanbuldakı Baş qərargahında toplanmış və Qara Dəniz Yayım Tənzimləyici Orqanların Forumunun (BRAF) yaradılmasını elan edən Birgə Deklarasiya qəbul edilmişdir.

BRAF-ın Daimi Katibliyi Türkiyənin Ankara şəhərində RTÜK-ün inzibati binasında yerləşir. Hazırda BRAF-ın Baş katibi RTÜK-ün üzvü xanım Dəniz Güçerdir. 

Azərbaycan Respublikası Audiovizual Şurası 2008-ci ildən BRAF-ın təsisçi üzvüdür.

Gələcək əməkdaşlıq və yayım sektorunda əsas məsələlərin müzakirəsi məqsədilə hər il bir üzv dövlətin dəvəti ilə BRAF-ın toplantısı keçirilir. 

Azərbaycan Respublikasının Audiovizual Şurasının təşkilatçılığı ilə BRAF-ın 11-ci illik toplantısı 2025-ci il 15 aprel tarixində Bakı şəhərində keçirilmişdir. Serbiya, Rumıniya, Yunanıstan, Albaniya, Bolqarıstan, Türkiyə, Moldova, Gürcüstan və Azərbaycanın audiovizual media sahəsi üzrə tənzimləyici qurumlarının 30-dək rəhbər və səlahiyyətli nümayəndələrinin bir araya gəldiyi toplantının əsas mövzusu "Media xidmətlərində uşaqların müdafiəsi" olmuşdur.