"Real TV"-nin peyk yayımı lisenziyasına xitam verilməsi haqqında qərar qəbul olunmuşdur.
Milli Televiziya və Radio Şurasının iclası keçirilmişdir. İclasda "Real Təhlil İnformasiya Mərkəzi" MMC-nin peyk yayımı lisenziyasına xitam verilməsi haqqında müraciətinə baxılmışdır.
Hazırda "Real Təhlil İnformasiya Mərkəzi" MMC-nin ümum-ölkə televiziya yayımı üçün Milli Televiziya və Radio Şurası tərəfindən verilən 23 aprel 2019-cu il tarixli 197 qeydiyyat nömrəli lisenziyaya malik olduğunu, bu lisenziyanın da bütün yerüstü, kabel, peyk, İPTV operatorlarında yayımlanmaq hüququ verdiyini nəzərə alaraq, Şura "Real Təhlil İnformasiya Mərkəzi" MMC-yə peyk yayımı üçün verdiyi 5 mart 2018-ci il tarixdə 186 qeydiyyat nömrəli lisenziyanın ləğv olunması haqqında qərar çıxarmışdır.
İclasda, həmçinin, 7-10 may tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunmuşdur.
7 may 2020-ci il tarixdə "Xəzər" televiziya kanalının efirində yayımlanan "Qəlb oğrusu" bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulmuşdur. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq "Xəzər" televiziya kanalının efirində 18 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 08:00-dan saat 09:00-dək) dayandırılması haqqında qərar qəbul etmişdir.
9 may 2020-ci il tarixdə "ARB" televiziya kanalının efirində yayımlanan "Bakıda küləklər əsir" bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulmuşdur. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq "ARB" televiziya kanalının efirində 18 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 16:00-dan saat 17:00-dək) dayandırılması haqqında qərar qəbul etmişdir.