Milli Televiziya və Radio Şurasında ATƏT Bakı Ofisinin rəhbəri Xose-Luis Herrero ilə görüş keçirilmişdir.
1 may 2008-ci il tarixdə Milli Televiziya və Radio Şurasında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Bakı Ofisinin rəhbəri Xose-Luis Herrero ilə görüş keçirilmişdir. Görüşdə Şura sədri Nuşirəvan Məhərrəmov Milli Televiziya və Radio Şurasının formalaşdırılması, onun tərkibi və funkisiyaları, televiziya və radio yayımı üçün xüsusi razılığın (lisenziyanın) verilməsi proseduru ilə bağlı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Bakı Ofisinin rəhbərini maraqlandıran sualları cavablandırmışdır. Şura sədri Milli Televiziya və Radio Şurasının artıq 2007-ci ilin aprel ayından Şuranın televiziya və radio yayımı üzrə nüfuzlu təşkilat olan "EPRA" təşkilatına üzv olduğunu, eyni zamanda "Sərhədsiz Televiziya haqqında" Avropa Konvensiyasına qoşulmaq üçün müvafiq tədbirlərin görüldüyünü bildirmişdir.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Bakı Ofisinin rəhbəri görüşdən məmnun olduğunu bildirmiş və gələcəkdə də belə dialoqların davam etdirilməsinin əhəmiyyətini qeyd etmişdir. Görüş zamanı həmçinin, Azərbaycan Respublikasında televiziya və radio yayımı ilə əlaqədar qanunvericiliyin mövcud vəziyyəti, jurnalistlərin etik davranış qaydaları, seçkiqabağı təbliğat və təşviqat kompaniyasında siyasi reklamın yayımı və digər məsələlərlə bağlı faydalı fikir mübadiləsi aparılmışdır.