Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmovun Latviyaya səfəri gözlənilir.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmovun televiziya və radio yayımı üzrə Avropanın nüfuzlu "EPRA" (European Platform of Regulatory Authorities) təşkilatının 14-16 may 2008-ci il tarixdə Riqada keçiriləcək 27-ci illik sessiyasında iştirak etmək üçün Latviyaya səfəri gözlənilir. Səfərdə məqsəd təşkilatın illik hesabatının dinlənilməsi, təşkilatın büdcəsi, təşkilati məsələlər (təşkilatının vitse-prezidentinin seçilməsi) və teleradio yayımı sahəsində tənzimləyici orqanlar arasında əməkdaşlığın daha da genişləndirilməsi, teleradio yayımçıları barəsində sanksiyaların tətbiqi problemləri, teleradio yayımında uşaqların və yetkinlik yaşına çatmayanların qorunması, reklamın qadağan edilmiş formalarının – gizli və haqsız reklamın yolverilməzliyi və digər məsələlərin müzakirə edilməsindən ibarətdir.
Xatırladaq ki, "EPRA" (European Platform of Regulatory Authorities) təşkilatı 1995-ci ildə Maltada yaradılmışdır və təşkilatın yaradılmasında məqsəd ─ teleradio yayımı sahəsində tənzimləyici orqanlar arasında əməkdaşlığın genişləndirilməsi, qeyri-rəsmi müzakirələrin və fikir mübadiləsinin həyata keçirilməsi, milli və avropa teleradio yayımının tənzimlənməsinin ümumi problemləri barədə məlumat mübadiləsinin aparılması; teleradio yayımının tənzimlənməsinin hüquqi problemlərinin praktiki həllinin müzakirə edilməsi və bu sahəyə aid olan müxtəlif mövzuların geniş müzakirəsi üçün açıq platformanın təmin edilməsindən ibarət olmuşdur.
Hal-hazırdak 42 Avropa dövlətindən 51 tənzimləyici orqan "EPRA" (European Platform of Regulatory Authorities) təşkilatına üzv qəbul edilmişdir. Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası 24 oktyabr 2007-ci il tarixdən etibarən "EPRA" (European Platform of Regulatory Authorities) təşkilatının üzvüdür.