"İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin Yayım Şurasına namizədlərin siyahısı Milli Məclisə təqdim edilmişdir.
"İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin Yayım Şurasına Sahibkarlar Şurası, gənclər təşkilatları və qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş namizədlərin siyahısı Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmişdir.
"İctimai televiziya və radio yayımı haqqında" Qanunun 17.4-cü maddəsinə uyğun olaraq "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin Yayım Şurasına Sahibkarlar Şurası, gənclər təşkilatları və qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş namizədlərin 4 (dörd) illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar, yeni namizədlərin irəli sürülməsi ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 7.4-cü, "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanının 3.1-ci bəndinə müvafiq olaraq təşkilati tədbirlər görülmüşdür.
2009-cu ilin 05 və 10 mart tarixlərində keçirilmiş iclaslar nəticəsində aşağıdakı şəxslər "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin Yayım Şurasına namizəd kimi seçilmişlər:
Sahibkarlar Şurası tərəfindən:
- Namiq Məsim oğlu Məmmədov – "Kaspel" şirkətinin direktoru.
- Emin Saday oğlu Nəsibov – "Aykon" şirkətinin direktoru.
Gənclər təşkilatları tərəfindən:
- Fuad Rauf oğlu Muradov – Tarixçi Tələbələrin Elmi Cəmiyyətinin sədri.
- İlqar Nəcibəddin oğlu Orucov – Azərbaycan Gənc Alim Aspirant və Magistrlar Cəmiyyəti.
Qadın cəmiyyətləri tərəfindən:
- Zərifə Teymur qızı Salahova - Azərbaycan qadınları Bakı Assosasiyasının sədri.
- Mahirə İmanqulu qızı Əmirhüseynova – "XXI əsrin qadınları" Cəmiyyətinin sədri.
- Gülarə Əli qızı Teymurova – "Dan" İctimai Birliyinin sədri.
"İctimai Televiziya və Radio Yayımı haqqında" Qanunun 17.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin Yayım Şurasına Sahibkarlar Şurası, gənclər təşkilatları və qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş namizədlər arasından hər təşkilatdan bir nəfər olmaqla, 6 il müddətinə təsdiq edilməsi üçün, "İctimai Televiziya və Radio Yayımı haqqında" Qanunun 17.2-ci maddəsinə uyğun olaraq müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilmişdir.