MTRŞ ümumrespublika teleradio yayımçılarının hər birinə 300000 manat məbləğində vəsait ayırmışdır.
28 oktyabr 2011-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda "Azad Azərbaycan Teleradio Kompaniyası"nın televiziya və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılmışdır.
Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 22.3-cü maddəsinin tələblərini və Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 8.9-cu bəndini rəhbər tutaraq "Azad Azərbaycan Teleradio Kompaniyası"nın televiziya və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul etmişdir.
Həmçinin, iclasda teleradio yayımçıları tərəfindən milli telefilmlərin, habelə teleserialların çəkilişi ilə bağlı Milli Televiziya və Radio Şurasına daxil olmuş təkliflər müzakirə edilmişdir. Milli Televiziya və Radio Şurası tərəfindən "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 8.20-ci bəndinin və "Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2011-ci il tarixli Sərəncamının tələbləri rəhbər tutularaq ilkin mərhələdə milli telefilmlərin, habelə teleserialların çəkilişi ilə əlaqədar birdəfəlik müqavilə bağlanılması yolu ilə ümumrespublika teleradio yayımçılarının hər birinə 300000 (üç yüz min) manat məbləğində vəsait ayrılması barədə qərar qəbul edilmişdir.