İstanbulda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin teleradio yayımı üzrə tənzimləyici qurumlarının toplantısı keçirilmişdir.
17 noyabr 2011-ci il tarixdə İstanbulda Radio Televiziya Üst Kurulunun (RTÜK) təşkilatçılığı və təklifi ilə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin teleradio yayımı üzrə tənzimləyici qurumlarının toplantısı keçirilmişdir. Toplantıda Türkiyə Cumhuriyyəti, Səudiyyə Ərəbistanı Krallığı, İndoneziya Respublikası, Pakistan İslam Respublikası, Qırğızıstan Respublikası, Liviya, Azərbaycan Respublikası, Qatar, Bruney Sultanlığı, Tacikistan Respublikası və müşahidəçi ölkə olaraq Şimali Kipr Türk Cümhuriyyəti teleradio yayımı üzrə tənzimləyici qurumlarının nümayəndələri iştirak etmişdir.
Toplantıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin teleradio yayımı üzrə tənzimləyici qurumlarının forumu (İBRAF) yaradılmışdır. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin teleradio yayımı üzrə tənzimləyici qurumlarının forumunun (İBRAF) yaradılmasında məqsəd tənzimləyici qurumlar arasında dialoqun və əməkdaşlığın yaradılması, informasiya, fikir və təcrübə mübadiləsinin aparılması, audiovizual məsələlərin müzakirəsindən ibarətdir. Toplantıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin teleradio yayımı üzrə tənzimləyici qurumlarının forumunun (İBRAF) növbəti il Səudiyyə Ərəbistanı Krallığında keçirilməsi qərara alınmışdır.