"Kəpəz Müstəqil Teleradio Şirkəti" MMC-nin Kəpəz FM radiosu müsabiqənin qalibi elan olunmuşdur.
21 dekabr 2012-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda regional radio yayım proqramının açılması üçün Gəncə və ətraf ərazilərdə radio üzrə 93.3 MHz işçi tezliyinə 18 oktyabr 2012-ci il tarixdə elan edilmiş müsabiqənin nəticələrinə, "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılmasına dair müraciətinə baxılmışdır.
Müsabiqədə 3 iddiaçı - "Kəpəz Müstəqil Teleradio Şirkəti" MMC, "Türkel TV" MMC və "Yevlax TV" MMC iştirak etmişdir. Milli Televiziya və Radio Şurasının qərarına əsasən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 15.5-ci maddəsinə uyğun olaraq müsabiqədə iştirak edən digər iddiaçılarla müqayisədə daha münasib maddi-texniki bazaya, peşəkar kadr potensialına və bu gün üçün xüsusilə aktual olan yayım konsepsiyasına malik olduğuna görə "Kəpəz Müstəqil Teleradio Şirkəti" MMC regional radio yayım proqramının açılması üçün Gəncə və ətraf ərazilərdə radio üzrə 93.3 MHz işçi tezliyinə elan edilmiş müsabiqənin qalibi elan edilmiş və ona 6 il müddətinə Gəncə və ətraf ərazilərdə radio yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilmişdir.
Həmçinin iclasda "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 22.3-cü maddəsinə əsasən "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edilmişdir.