Milli Televiziya və Radio Şurası "Aygün TV"-nin fəaliyyətini dayandırdı.
14 fevral 2014-cü il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.
İclasda “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti uzadılmaması və ona regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsindən imtina edilməsi, televiziya yayımçısı kimi yayımının 14 fevral 2014-cü il tarixdə saat 18:00-dan etibarən dayandırılması barədə qərar qəbul edilmişdir.
“AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının 11 dekabr 2013-cü il tarixdə regional (Zaqatala) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti bitmişdir. “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 22.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə sənədləri Şuraya təqdim etməmiş, Şura iclasına 1 gün qalmış xüsusi razılıq (lisenziya) müddətinin uzadılması üçün zəruri olan sənədləri natamam şəkildə təqdim etmişdir.
11 dekabr 2013-cü il tarixdə Şura tərəfindən “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının xüsusi razılıq (lisenziya) müddətinin uzadılması məsələsinə baxılmışdır. Xüsusi razılıq (lisenziya) müddətinin uzadılması üçün müraciət edilməməsinə və zəruri olan sənədlərin vaxtında və tam təqdim olunmamasına görə Şuranın qərarına əsasən televiziyanın fəaliyyətinin araşdırılması məqsədilə “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılması təxirə salınmışdır. Aygün televiziyasının fəaliyyətinin araşdırılması məqsədilə Şura tərəfindən Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsi, Ekspertiza, proqramlaşdırma və analitik şöbəsi, və Maliyyə və texniki nəzarət şöbəsi əməkdaşlarından ibarət tərkibdə yaradılmış komissiya 24-26 dekabr 2013-cü il tarixində Zaqatalada olmuş və televiziyanın fəaliyyəti ilə yerində tanış olmuş və araşdırma aparmışlar.
Aparılmış araşdırmalar zamanı televizyanın fəaliyyətində çoxsaylı çatışmazlıqlar və qanun pozuntuları aşkar edilmişdir. Belə ki, Televiziya və radio yayımı haqqında qanunun müvafiq maddəsinin tələblərinə əsasən teleradio proqramlarının materialları (qoşma sənədlər, əlyazmalar, məktublar, lent yazıları və s.) efirə çıxandan sonra azı bir ay, efirə çıxmış proqramların tarixi, vaxtı, mövzusu, müəllifi, aparıcısı və iştirakçılarının göstərilməli olduğu qeydiyyat jurnalı isə sonuncu qeyddən sonra azı bir il müddətində saxlanılmalı olduğu halda, “AYGÜN” televiziyasında teleradio proqramlarının materialları saxlanılmamış, qeydiyyat jurnalı isə ümumiyyətlə mövcud olmamışdır. Yayımçı efirdə emblemsiz olaraq yayımlanmışdır. Televiziyanın sənədləşdirmə işlərinin aparılmasında çoxsaylı qüsurlar mövcud olmuşdur. Televiziyanın yayım avadanlıqları teleradio yayımçıları üçün tətbiq olunan texniki istismar qaydalarına və Azərbaycan Respublikasının və beynəlxalq texniki standartlara uyğun gəlməmişdir. Belə ki, ötürücü qurğunun yerləşdiyi yer texniki norma və tələblərə cavab verməmiş və texniki personal və ətrafda yaşayan sakinlərin həyat və sağlamlığı üçün ciddi təhlükə yaratmışdır.
27 dekabr 2013-cü il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclasında “AYGÜN” Müstəqil Televiziya və Radio Kompaniyasının fəaliyyətinin araşdırılması məqsədilə yaradılmış komissiyanın arayışı nəzərə alınmışdır.