Azərbaycan Respublikası Audiovizual Şurası

Edinburq şəhərində EPRA-nın 45-ci Toplantısı keçirilmişdir.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov və Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Fazil Novruzov 2017-cı il 17-20 may tarixlərində Böyük Britaniyanın Edinburq şəhərində keçirilən Yayım Tənzimləyici Orqanlarının Avropa Platformasının (EPRA) 45-ci Toplantısında iştirak etmişdir.

Toplantıda 46 Avropa dövlətindən 52 audiovizual yayım tənzimləyici təşkilatının nümayəndələri, həmçinin, Avropa Komissiyasının, ATƏT Media Azadlığı üzrə Bürosunun, Avropa Şurası Media Bölümünün, Avropa Audiovizual Rəsədxanasının nümayəndələri və ekspertləri iştirak etmişlər. Toplantıda "Rəqəmli mühitdə xəbər proqramları", "Rəqəmli dağıntının hədəf və problemləri. Filterlər, alqoritmlər və müxtəlifliyin qorunması məsələləri"  mövzusunda plenar sessiya keçirilmiş, həmçinin, "Media maariflənməsi: Əsas inisiativlər və tədqiqatlar", "Lisenziyalaşdırma və Avtorizasiya (icazə) prosedurları", "Radionun gələcəyi: rəqəmli radio yayıma keçid" mövzuları üzrə Avropa ekspertlərinin iştirakı ilə müzakirələr aparılmışdır.

EPRA-nın növbəti 46-cı Toplantısının 2017-ci ilin oktyabr ayında Avstriyanın paytaxtı Vyana şəhərində keçirilməsi barədə razılıq əldə edilmişdir.