Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan nümayəndə heyətinin Rumıniyaya səfəri çərçivəsində Avropa Parlamentinin deputatı Kristian Terheş ilə görüş keçirilmişdir

 

Rumıniyadakı Azərbaycan Respublikasının Səfirliyində Avropa Parlamentinin deputatı Kristian Terheş ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov iştirak etmişlər.

Tədbirdə Avropa İttifaqı ilə Azərbaycan arasında informasiya, kommunikasiya və media sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də regionda informasiya təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə edilmişdir. Kristian Terheş qeyd edmişdir ki, Avropa Parlamenti Cənubi Qafqaz regionunda sülhün möhkəmlənməsi və dialoqun təşviqinə böyük önəm verir. O, Azərbaycanın müasir informasiya siyasətini, medianın müstəqilliyinin və rəqəmsal transformasiyanın dəstəklənməsini yüksək qiymətləndirmişdir.

Görüşdə həmçinin sülhün bərqərar olmasından sonra Azərbaycanın regiondakı aparıcı rolu müzakirə olunmuşdur. Avropa İttifaqının deputatı 8 avqustda Vaşinqtonda ABŞ prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi layihəsinin paraflanmasını yüksək qiymətləndirmişdir. Tərəflər bu sənədi Avropa İttifaqının Cənubi Qafqazda əməkdaşlığın möhkəmlənməsi istiqamətində də mühüm addım kimi dəyərləndirmişlər.

İsmət Səttarov, Vüqar Əliyev və Əhməd İsmayılov çıxışlarında Azərbaycan mediasının beynəlxalq inteqrasiyasının və Avropa informasiya məkanında fəal iştirakının vacibliyini vurğulamışlar. Həmçinin, deputata Azərbaycan ilə bağlı Aİ parlamentində ədalətli mövqeyinə görə təşəkkür olunmuşdur. Qeyd olunmuşdur ki, son illər ərzində Azərbaycan media qurumları ilə Avropa ölkələrinin aparıcı agentlikləri arasında əməkdaşlıq əlaqələri genişlənmişdir, birgə layihələr, jurnalist mübadiləsi proqramları və təlimlər həyata keçirilir.

Səfir Qüdsi Osmanov bildirmişdir ki, Azərbaycan və Rumıniya arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyəsi media əməkdaşlığında da yeni imkanlar açır. O, Avropa Parlamentinin üzvü Kristian Terheşi Azərbaycan reallıqları, xüsusilə də regionda sülh və bərpa prosesləri barədə obyektiv məlumatların Avropa ictimaiyyətinə çatdırılmasında dəstək göstərməyə dəvət etmişdir.

Görüşdə həmçinin dezinformasiya ilə mübarizə, rəqəmsal media savadlılığı, gənc jurnalistlərin Avropa təcrübəsinə çıxışı və enerji təhlükəsizliyi ilə bağlı ictimai kommunikasiyanın gücləndirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.

Sonda tərəflər media sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi və Azərbaycan - Avropa informasiya əlaqələrinin genişləndirilməsi istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi barədə razılığa gəlmişlər.