II Azərbaycan – Özbəkistan Media Forumu keçirilmişdir
30 sentyabr 2025-ci il tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "Rəqəmsal Transformasiya və Media" mövzusunda II Azərbaycan – Özbəkistan Media Forumu keçirilmişdir.
Forumda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saidjanov, Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanov və Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru Dr. Nozima Muratova açılış nitqləri ilə çıxış etmişlər.
Forum çərçivəsində daha sonra "Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər" və "Rəqəmsal informasiya mühitində etik məsuliyyət" mövzularında iki panel sessiyalar təşkil edilmişdir.
Azərbaycan Respublikası Audiovizual Şurasının Aparat rəhbəri Fazil Novruzov birinci panel sessiyada iştirak etmişdir. Trend İnformasiya Agentliyinin Baş redaktoru Emin Əliyevin moderatorluğu ilə keçən panel sessiyada Özbəkistanın Milli Media Assosiasiyasının Baş direktoru Abduaziz Abutolipov, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov və Özbəkistan Jurnalistlər İttifaqının sədri vəzifəsini icra edən Xolmurod Salimov da iştirak etmişlər.
Fazil Novruzov çıxışı zamanı bir sıra aktual məsələlərə toxunmuşdur. O, bildirmişdir ki, hazırki rəqəmsal mühitdə cəmiyyətin informasiya təhlükəsizliyi kritik əhəmiyyət daşıyır. Müasir cəmiyyətdə informasiya təhlükəsizliyinə mütləq nail olunması mümkün olmasa da, bu istiqamətdə məqsədlərə çatmaq üçün bir sıra alətlər və vasitələr mövcuddur. Bu alət və vasitələrin arasında cəmiyyətin intellektual səviyyəsinin yüksəldilməsi, media və informasiya savadlılığının, rəqəmsal biliklərin artırılması xüsusi əhəmiyyət kəsb edir.
Fazil Novruzov eyni zamanda Audiovizual Şuranın xarici ölkələrin media tənzimləyici orqanları ilə sıx əməkdaşlığa üstünlük verdiyini vurğulamış, bu istiqamətdə Avropa və Asiyanın bir sıra dövlətlərinin yayım tənzimləyici qurumları ilə genişlənən əlaqələrə diqqət çəkmişdir. Aparat rəhbəri bildirmişdir ki, günümüzdə prioritet istiqamətlərdən biri media mühitinin sağlam inkişafına, informasiya təhlükəsizliyinə, media savadlılığının inkişaf etdirilməsinə töhfə verməkdir.