Azərbaycan və Albaniyanın audiovizual media tənzimləyiciləri arasında əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunmuşdur
16-19 sentyabr 2025-ci il tarixlərində Albaniyanın Vlora şəhərində keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) 12-ci Toplantısı çərçivəsində Audiovizual Şuranın sədri İsmət Səttarovun Albaniyanın Audiovizual Media Qurumunun (AMA) sədri xanım Armela Krasniqi ilə görüşü olmuşdur.
Görüş zamanı İsmət Səttarov AMA-nın təşkilatçılığı ilə "Audiovizual və onlayn media platformalarında nifrət nitqi və informasiya azadlığı" mövzusunda keçirilən BRAF-ın 12-ci toplantısını yüksək qiymətləndirmiş, tədbirin üzv ölkələrin tənzimləyici qurumları arasında əlaqələrin inkişafında, eyni zamanda qarşılıqlı təcürbənin öyrənilməsində böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Audiovizual Şuranın sədri bildirmişdir ki, iki ölkə arasında audiovizual media və onun tənzimlənməsi sahəsində əməkdaşlığın genişləndirilməsi və daha yüksək mərhələyə qədəm qoyması imkanları mövcuddur.
AMA-nın sədri cari ilin aprel ayında Bakıda Audiovizual Şuranın təşkilatçılığı ilə keçirilən BRAF-ın 11-ci toplantısını xatırlayaraq, yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə təşəkkürünü bildirmişdir. Xanım Krasniqi iki qurum arasında əməkdaşlığın hazırki vəziyyətindən məmnunluq ifadə etmiş, münasibətlərin daha da gücləndirilməsi üçün böyük imkanların olduğunu təsdiq etmişdir.
Görüşdə həmçinin, EPRA (Avropa audiovizual media tənzimləyicilərinin platforması) və BRAF çərçivəsində uğurlu birgə əməkdaşlıq, habelə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı nəticəsində audiovizual medianın tənzimlənməsi sahəsindəki çağırışlar və onların həlli istiqamətləri müzakirə olunmuşdur.