Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunmasına dair tədbir keçirilmişdir
17 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə təşkilatçılığı ilə Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması və dövlət idarəçiliyində dil mədəniyyətinin gücləndirilməsi məqsədilə maarifləndirici tədbir keçirilmişdir. Ədliyyə Akademiyasında keçirilən tədbirdə Azərbaycan dilinin qorunması, qloballaşma dövründə onun istifadəsinin daha da genişləndirilməsi, ictimaiyyətlə ünsiyyətdə ədəbi dil normalarının düzgün tətbiqi, eləcə də peşəkar üslubun formalaşdırılması kimi mövzular müzakirə olunmuşdur.
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini, Azərbaycanın əməkdar artisti, telejurnalist, rejissor Rafiq Həşimov mövzu ilə bağlı çıxış edərək dövlət idarəçiliyində Azərbaycan ədəbi dilinin düzgün tətbiqinin vacibliyini vurğulamışdır. O bildirmişdir ki, peşəkar ünsiyyətin səlis və anlaşıqlı qurulması, həm vətəndaşlarla kommunikasiya, həm də ictimai rəyin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə keçirilən maarifləndirmə tədbirləri və treninqlər əməkdaşların dil biliklərinin təkmilləşdirilməsinə, üslub pozuntularının qarşısının alınmasına və Azərbaycan ədəbi dil normalarının qorunmasına xidmət edir.
Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov, Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev və Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəisi Ləman Hüseynzadə öz çıxışlarında Azərbaycan ədəbi dilinin normalarına ciddi surətdə əməl edilməsinin vacibliyini qeyd etmişlər.
İnteraktiv müzakirələr zamanı iştirakçıların sualları cavablandırılmış, onlara ədəbi dil normalarının düzgün tətbiqi və nitq mədəniyyətinin qorunması barədə məlumat verilmişdir. Tədbirdə, həmçinin, İqtisadiyyat Nazirliyinin, Elm və Təhsil Nazirliyinin nümayəndələri də iştirak etmişlər.