Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə bağlı Fəxri xiyaban, Həsən bəy Zərdabinin məzarı və Zəfər abidəsi ziyarət edilib
22 iyul tarixində Medianın İnkişafı Agentliyi, Audiovizual Şura, Mətbuat Şurası və bir sıra media rəhbərləri Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə bağlı Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etmiş, abidəsi önünə gül dəstələri düzmüşlər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə tər güllər düzülmüşdür.
Daha sonra Azərbaycan milli mətbuatının banisi, "Əkinçi" qəzetinin naşiri və baş redaktoru, görkəmli ictimai xadim və maarifpərvər ziyalı Həsən bəy Zərdabinin məzarı ziyarət olunmuşdur. Onun ruhuna ehtiram əlaməti olaraq məzarının önünə əklil və tər güllər qoyulmuş, dərin minnətdarlıq hissi ilə böyük mütəfəkkirin əziz xatirəsi yad edilmişdir.
Eyni zamanda, Zəfər abidəsinin önünə əklil və tər güllər qoyulmuş, Vətən müharibəsində canlarını fəda edən şəhidlərin əziz xatirəsi ehtiramla anılmışdır.