Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan nümayəndə heyəti “Jenmin Jibao” qəzetinin redaksiyasında olmuşdur

 

 

Çin Xalq Respublikasına səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ölkənin ən nüfuzlu media orqanlarından biri olan "Jenmin Jibao" qəzetinin redaksiyasında olmuşdur.

Qəzetin rəhbərliyi ilə görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə media sahəsində geniş və ardıcıl islahatlar həyata keçirildiyini, bu islahatların əsas məqsədinin müasir çağırışlara cavab verən, dayanıqlı və cəmiyyətin inkişafında fəal rol oynayan media mühitinin formalaşdırılması və gücləndirilməsi olduğunu demişdir. O qeyd etmişdir ki, Azərbaycanda həm onlayn, həm də ənənəvi media subyektlərinin fəaliyyətinə dövlət tərəfindən kompleks dəstək göstərilir, xüsusilə çap mediasının rəqəmsal transformasiyası istiqamətində mühüm layihələr icra olunur.

"Jenmin Jibao" qəzetinin prezidenti Yu Şaolian rəhbərlik etdiyi media qurumunun tarixi və fəaliyyəti barədə geniş məlumat vermiş və bildirmişdir ki, qəzet təkcə çap versiyası ilə deyil, eyni zamanda müxtəlif rəqəmsal platformalar vasitəsilə də milyonlarla izləyiciyə informasiya çatdırır. O, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın qurulmasının media sahəsində də öz nəticələrini verəcəyinə əminliyini ifadə etmiş, "Jenmin Jibao" qəzetinin "Azərtac" ilə qarşılıqlı faydalı əməkdaşlığından söz açmış, qəzetin layihələrinə verdiyi dəstəyi yüksək qiymətləndirmişdir.  

Görüşdə Çin Xalq Respublikasının 2013-cü ildə irəli sürdüyü və Avrasiya ölkələri arasında infrastrukturun inkişafı, qarşılıqlı əlaqələrin gücləndirilməsi məqsədi daşıyan "Kəmər və Yol" təşəbbüsü barədə fikir mübadiləsi aparılmış, layihənin beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə diqqət çəkilmişdir.