Audiovizual Şurada televiziya redaksiyalarının əməkdaşları üçün seminar keçirilmişdir
24 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurası və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə narkomanlığa qarşı mübarizə mövzusunda televiziya proqramlarının hazırlanması işinin təşkilinə dair seminar keçirilmişdir.
Tədbirə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin, Bakı şəhəri Narkoloji Mərkəzinin təmsilçiləri və 15-dən çox audiovizual media subyektinin nümayəndələri iştirak etmişlər.
Seminarı giriş sözü ilə açan Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nemət Cavadov "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planı çərçivəsində narkomanlığa qarşı mübarizə mövzusunda televiziya və radio proqramlarının hazırlanması işinin təşkilin Audiovizual Şuraya həvalə edildiyini qeyd etmişdir. O, Şura tərəfindən bu günə kimi görülmüş işlər barədə tədbir iştirakçılarına məlumat vermişdir. Audiovizual Şuranın təmsilçisi bildirmişdir ki, narkomanlığa qarşı mübarizə istiqamətində görülən tədbirlərin gücləndirilməsi və koordinasiyası məqsədi ilə yaradılmış Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə Audiovizual Şuranın, habelə media subyektlərinin əlaqəli fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
Daha sonra çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanriverdi Aydınov sözü gedən problemlə mübarizədə media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyünü və bu baxımından belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd etmişdir. O, aidiyyatı dövlət qurunları ilə əməkdaşlıq və koordinasiyalı fəaliyyət nəticəsində indiyə kimi görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verimişdir.
Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı mövzu ilə bağlı geniş təqdimat etmişdir. O, audiovizual mediada hazırlanan materialların qanunvericiliyin tələbləri ilə mütənasibliyi, prosesin nəzarət və tənzimləmə mexanizmi, mümkün cəza tədbirləri, eyni zamanda beynəlxalq təcrübədə diqqətə alınan metodlardan danışmışdır.
Daha sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun rəhbəri Nəcəf Aydınoğlu, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev və Bakı şəhəri Narkoloji Mərkəzinin həkim-narkoloqu Afət Məmmədova mövzu üzrə çıxış etmişlər.
Tədbirin sonunda media nümayəndələrini maraqlandıran suallar cavablandırılmışdır.