Mərakeşin Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun nümayəndə heyəti “AnewZ” peyk televiziya kanalını və televiziya reytinqlərinin ölçülməsini həyata keçirən “MARSA” şirkətini ziyarət etmişdir
Azərbaycan Respublikası Audiovizual Şurasının dəvəti ilə Bakıda səfərdə olan Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun sədri Lətifə Axarbaşın rəhbərlik etdiyi nümayəndə heyəti 18 dekabr 2024-cü il tarixində "AnewZ" televiziya kanalını və "MARSA" şirkətini ziyarət etmişdir.
"AnewZ" televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev qonaqları televiziyanın maddi-texniki bazası, studiyaları, çəkiliş pavilyonları ilə tanış etmiş, kanalın fəaliyyəti barədə geniş məlumat vermişdir. O, bildirmişdir ki, cari ilin noyabr ayının 4-dən etibarən Audiovizual Şuranın lisenziyası əsasında fəaliyyətə başlayan kanal qlobal xəbər və analitika sahəsində alternativ baxış təqdim edir. Qeyd edilmişdir ki, 10-dan çox ölkədə təmsilçisi ilə 110-dan çox ölkəyə yayımlanan ingilisdilli "AnewZ" kanalı peyk, internet, sosial media kanalları vasitəsilə izlənilir. Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun sədri Lətifə Axarbaş, həmçinin, kanala müsahibə vermişdir.
Daha sonra Mərakeş nümayəndə heyəti "MARSA" MMC-nin direktoru İradə Sultanova ilə görüşmüşdür. Görüş zamanı qonaqlara məlumat verilmişdir ki, şirkət Azərbaycanda televiziya auditoriyasının ölçümünü həyata keçirir. Qeyd edilmişdir ki, "MARSA" MMC dünyaca məhşur "Kantar" şirkətinin ölkəmizdə rəsmi texnoloji tərəfdaşıdır. Bildirilmişdir ki, şirkət Azərbaycanda ən son auditoriya ölçüm texnologiyasından istifadə edir.