Azərbaycan mediası COP29-u necə işıqlandırdı: 60 min material, 4500-dən artıq telereportaj
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi iki həftə ərzində informasiya agentlikləri, onlayn və çap mediası subyektləri hazırladıqları materialların böyük hissəsini COP29-a həsr etmiş, ayrı-ayrı günlərdə istehsal olunmuş xəbərlərin 60 faizini sammitlə bağlı materiallar təşkil etmişdir. 2024-cü il noyabrın 11-dən 23-dək mediada mövzu ilə əlaqədar 60000-ə yaxın link yaradılmış, bunlardan 42000-ə yaxını azərbaycandilli, 10600-dən çoxu rusdilli, 7300-ə yaxını ingilisdilli media subyektlərində dərc edilmişdir.
COP29-la bağlı materialların işıqlandırılması zamanı, xüsusilə informasiya agentlikləri məlumat bazasını formalaşdıran əsas mənbəyə çevrilmişdir. Agentliklərin hər biri tərəfindən tədbir pavilyonuna 10-a yaxın jurnalist və fotomüxbir cəlb edilərək çoxsaylı qonaqlarla müsahibələr təşkil olunmuş, yüzlərlə görüş və müzakirələr haqqında informasiyalar və geniş reportajlar hazırlanmışdır.
Xarici mediada COP29-la bağlı informasiya manipulyasiyasına cəhdlərin olduğu nəzərə alınaraq, sammitlə bağlı yüzlərlə vacib məlumat informasiya agentlikləri tərəfindən 3 dildə təqdim edilmişdir. Bəzi media subyektlərinin rəhbərlərinin COP29-un əhəmiyyəti barədə məqalə və açıqlamaları öz təşəbbüsləri ilə dünya mediasında işıqlandırılmışdır. İnformasiya agentliklərinin və onlayn media subyektlərinin veb-saytlarında sammitlə bağlı məlumatları daha əlçatan etmək üçün COP29 bölməsi yaradılmışdır.
Sammitin ilk günündən etibarən media subyektlərinin sosial şəbəkə hesablarında ölkənin informasiya məkanında əsas mövzuya çevrilmiş COP29-la bağlı aktiv paylaşımlar edilmiş, həmin materiallar da daxil olmaqla, iki həftə ərzində sosial şəbəkələrin Azərbaycan seqmentində COP29-la bağlı paylaşımlara 10 milyondan artıq istifadəçi reaksiyası müşahidə olunmuşdur.
COP29 və onunla bağlı tədbirlər Azərbaycanın televiziya kanallarında da geniş şəkildə işıqlandırılmışdır. Telekanallar COP29 barədə materialların hazırlanmasını xüsusi prioritet kimi müəyyənləşdirərək tədbirin işıqlandırılmasına 60-dan çox çəkiliş qrupu ayırmışlar. Bəzi günlərdə, xüsusilə liderlər konfransı günlərində isə çəkiliş qruplarının sayı daha da çox olmuşdur.
Aparılmış monitorinqlərin nəticələri göstərmişdir ki, ümumölkə televiziya kanalları 2024-cü il noyabrın 10-24-də ümumilikdə müxtəlif məzmunlu 5344 material - xüsusi reportajlar, xarici nümayəndə heyətlərindən, dövlət və hökumət başçılarından müsahibələr, süjetlər, canlı bağlantılar və s. yayımlamışlar. Televiziya kanalları xəbər və xüsusi reportajlarla yanaşı, COP29 tədbirinin bu və ya digər aspektlərini yerli və xarici ekspertlərin iştirakı ilə ayrı-ayrı müzakirə və təhlil proqramlarında da gündəmdə saxlamış, geniş müzakirələr təşkil etmişlər. Ümumilikdə, "AZTV"-də 1234, "Real TV"-də 900, "AnewZ"-da 840, "ARB24"-də 759, "Baku TV"-də 757, "CBC TV"-də 429, "ATV"-də 326, "İTV"-də 321, "Xəzər TV"-də 295, "Space TV"-də 149, "ARB"-də 91 material yayımlanmışdır.
Ölkə kanallarında COP29 tədbirinin işıqlandırılması tamaşaçılar tərəfindən də maraqla qarşılanmışdır. Belə ki, televiziya auditoriyasının həcminin araşdırılması ilə məşğul olan "MARSA LTD" şirkətinin məlumatına əsasən, COP29 günlərində Azərbaycan televiziya kanallarına orta hesabla gündəlik baxış sayı 5 milyon 336 min nəfər olmuş, ümumi orta baxış isə 7 milyon 888 min nəfər təşkil etmişdir.
Beynəlxalq tədbirin yekununda verilmiş tarixi qərarların və sammitin nəticələrinin əhəmiyyətini nəzərə alaraq, ölkə mediası mövzunu COP29 bitdikdən sonra da davam etdirir.