Azərbaycan Respublikası Audiovizual Şurası

Daşkənddə “Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilmişdir

 

24 sentyabr 2024-cü il tarixində Özbəkistan Respublikasının Daşkənd şəhərində "Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə" mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilmişdir.

Forumda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Azərbaycan Prezidenti Administrasiyasının Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov, "Azərtac"ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Mətbuat Şurasının sədri Rəşad Məcid, həmçinin televiziya kanallarının və informasiya agentliklərinin nümayəndələri iştirak etmişlər.

Forumun açılışında çıxış edən Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov media sahəsində iki ölkə arasında fəal təmasların və sistemli dialoqun inkişaf etdiyini, fikir və təcrübə mübadiləsinin genişləndiyini, bunun real nəticələrə gətirib çıxardığını qeyd etmişdir. O əlavə etmişdir: "Qlobal təlatümlərin yaşandığı indiki dövrdə obyektiv məlumatların verilməsində ciddi təhlükələr var. Biz bunu hətta özlərini azadlıq etalonu kimi təqdim edən ölkələrdə də görürük. Bütün bunlar dünyada informasiya istehlakçılarına mənfi təsir göstərir. Belə bir vəziyyətdə bizim qardaş Azərbaycanla əməkdaşlığımız xüsusi əhəmiyyətə malikdir. Ölkələrimiz arasında əlaqələr yeni səviyyəyə yüksəlib, dezinformasiyaya qarşı mübarizə üçün möhkəm zəmin yaradılıb".

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin güclü siyasi iradəsinin nəticəsində ölkələrimiz arasında daha da möhkəmlənmiş qardaşlıq münasibətləri, regionlarımızın inkişafına ciddi töhfə vermiş intensiv əlaqələr media sahəsi də daxil olmaqla, bütün sahələrə öz dinamik təsirlərini göstərməkdədir. O qeyd etmişdir ki, Azərbaycan Respublikası və Özbəkistan Respublikasının media sahəsinin inkişafı və koordinasiyası üzrə məsul təşkilatları arasında əməkdaşlığın qurulması, iki ölkənin dövlət qurumlarının kommunikasiyaya məsul struktur bölmələrinin fəaliyyətinin inkişafı, media təhsili və media savadlılığı üzrə təcrübə mübadiləsinin təşkili, həmçinin media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətlərində intensiv qaydada işlər görülməkdədir və bu kontekstdə I Özbəkistan-Azərbaycan Media Forumu xüsusi əhəmiyyət daşımaqla, dezinformasiyaya qarşı mübarizədə birgə səylərin gücləndirilməsini dəstəkləyəcək və mövcud vəziyyətdən çıxış yollarının tapılması baxımından əlamətdar olacaqdır.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov vurğulamışdır ki, informasiyanın əsas resurs hesab edildiyi müasir dövrdə dezinformasiya vasitəsilə manipulyasiya ictimai asayişin sabitliyinin pozulmasına və dövlət qurumlarına inamın sarsıdılmasına səbəb ola bilər. Buna görə də, təcrübə və uğurlu modellərin mübadiləsi, yeni bacarıq və yanaşmaların öyrənilməsi çox vacibdir. Media Forumda iştirakla yanaşı, Azərbaycan media nümayəndələrinin, dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşlarının təcrübə mübadiləsi çərçivəsində özbəkistanlı həmkarları ilə görüşlər keçirmək imkanı əldə etdiyini qeyd edən K.Həsənov informasiya mübadiləsində təhlükəsizliyin təmin edilməsi məqsədilə Azərbaycan və Özbəkistan media subyektləri arasında sıx əməkdaşlığın daha da gücləndirilməsinin labüdlüyünü diqqətə çatdırmışdır.

Özbəkistan Ali Məclisi Senatının İnformasiya siyasəti və dövlət orqanlarında şəffaflığın təmin edilməsi komitəsində daimi əsaslarla çalışan senator Mahmud Parpiyev rəqəmsal dövrün informasiyanın ötürülməsi üçün yeni imkanlar açdığını vurğulamış və demişdir: "Sosial media vasitəsilə çoxlu məlumatlar əldə edirik. Amma təəssüf ki, biz onların axınını tənzimləyə bilmirik. Ona görə də indi informasiya müharibəsi gedir, biz qüvvələrimizi birləşdirib dezinformasiyaya qarşı mübarizə aparmalıyıq".

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev öz çıxışında bu forumun medianın aktual problemlərinin həllinə kömək edəcəyinə, Azərbaycan ilə Özbəkistan arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etmişdir.

Forum daha sonra öz işini panel sessiyalar ilə davam etdirmişdir. Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov "Media və kommunikasiya sahəsində Özbəkistan və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi" mövzusuna həsr olunmuş panel sessiyada çıxış etmişdir.

Forum çərçivəsində Azərbaycan nümayəndə heyətinin Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin baş direktoru Asadjan Xocayev ilə görüşü baş tutmuşdur. Görüşdə iki ölkə arasında media və kommunikasiya sahələrində effektiv və genişmiqyaslı əlaqələrin qurulması, həmçinin informasiya-kommunikasiya sferasında qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlər barədə geniş fikir mübadiləsi aparılmış, spesifik layihələrin icrasının böyük əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.