"Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada" mövzusunda seminar keçirilmişdir
19 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada" adlı seminar keçirilmişdir.
Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən təsdiq edilmiş tədbirlər planı çərçivəsində təşkil edilmiş tədbirin məqsədi audivizual media subyektlərinin sözügedən mövzuya dair maarifləndirilməsi işinin gücləndirilməsi və bu istiqamətdə görülmüş işlərin nəticələrinin ictimaiyyətə çatıdırlması olmuşdur.
Seminarda Audiovizual Şuranın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Medianın İnkişafı Agentliyinin, Ailə, Qadın və Uşaq Problemrləri üzrə Dövlət Komitəsinin səlahiyyətli nümayəndələri, audiovizual yayımçıların proqram və efir üzrə rəhbərləri və digər məsul şəxsləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Audiovizual Şura sədrinin müşaviri Haşim Əliməmmədzadə bildirmişdir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir. Bildirilmişdir ki, həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. H. Əliməmmədzadə, əlavə etmişdir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsini ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun bariz nümunəsidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova bildrimişdir ki, bu gün iqtisadi cəhətdən dayanıqlı, təmiz və sağlam gələcəyə keçid ən aktual çağırışlardan biridir, eyni zamanda bir cəmiyyət olaraq qarşımızda duran böyük məsuliyyətdir. Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün davamlı iqtisadiyyata keçid böyük əhəmiyyət kəsb edir.
Bundan sonra Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı "Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada" mövzusunda təqdimatla çıxış etmişdir. A. Sadıqlı cari ilin 8 ayı ərzində audiovizual media subyektləri tərəfindən yayımlanmış "Yaşıl dünya naminə həmrəylik ili" həsr edilmiş proqramların və sosial çarxların statistik məlumatlarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova "Yaşıl dünya naminə həmrəylik ili mediada" mözusunda təqdimat etmişdir. Təqdimat zamanı S. Seyidova bildirmişdir ki, Azərbaycanda ətraf mühitin qorunması və ölkənin iqlim dəyişmələrinə qarşı qlobal mübarizəyə verdiyi töhfələrlə bağlı ilin əvvəlindən indiyədək onlayn media subyektləri tərəfindən 21 mindən çox material yayımlanmışdır.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Hacıyeva çıxışında Dövlət Komitəsi tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində görülən işlər, həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. Eyni zamanda, müxtəlif zamanlarda Komitənin sifarişi əsasında hazırlanmış sosial maarifləndirmə çarxlarının Audiovizual Şuranın tövsiyəsi ilə televizya kanallarında yayımlanması Azərbaycan tamaşaçıları tərəfindən maraqla qarşılandığını diqqətə çatdırmışdır.
Tədbir sual-cavab sessiyası ilə davam etmişdir.