Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən yeni media mühitində auditoriya yönümlü və hədəf kütlələrə hesablanmış məzmun istehsalı və yayımının təşviqi, maarifləndirici materialların rəqabətədavamlılığının artırılması, məzmun müxtəlifliyi və yaradıcılığının stimullaşdırılması, dövlət və cəmiyyət üçün prioritet istiqamətlər barədə məlumatların ictimaiyyətə səmərəli şəkildə çatdırılması məqsədilə 5 aprel 2024-cü ildə elan olunmuş dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə ümumölkə yerüstü televiziya yayımçıları üçün müsabiqənin nəticələri açıqlanmışdır.
Müsabiqədə elmi-kütləvi, mədəni-maarif, təhsil mövzusu üzrə "ARB" və "ARB24"; elm və mədəniyyət mövzusu üzrə "ATV"; milli adət-ənənələr və ailə dəyərləri mövzusu üzrə "AZTV" və "Real TV"; gənc nəsildə milli mənlik şüurunun, əxlaqi dəyərlərin və vətənpərvərlik hissinin inkişaf etdirilməsi mövzusu üzrə "Xəzər TV"; uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusu üzrə "Space TV" və "Xəzər TV"; Azərbaycanın dövlətçilik tarixi mövzusu üzrə "İTV"; ekologiya və ətraf mühitin mühafizəsi mövzusu üzrə isə "Real TV" və "Space TV" televiziya kanalları proqram kateqoriyasında qalib olmuşdur.
Sosial videoçarx kateqoriyasında isə azərbaycançılıq ideologiyasının yeni istiqamətləri – milli ideyanın təbliği mövzusu üzrə "ARB24"; uşaq və gənclərin fiziki və mənəvi inkişafı və gənc nəsildə milli mənlik şüurunun, əxlaqi dəyərlərin və vətənpərvərlik hissinin inkişaf etdirilməsi mövzusu üzrə "ATV"; ekologiya və ətraf mühitin mühafizəsi mövzusu üzrə "ARB24", "ATV" və "AZTV" televiziya kanalları uğur qazanmışlar.