Məhkəmə Audiovizual Şuranın tərtib etdiyi protokollar əsasında “Səhiyyə TV” kanalını cərimə etdi
Peyk yayımı həyata keçirməyən platforma yayımçısı olan "Səhiyyə TV" MMC-nin "Səhiyyə TV" kanalının proqramlarının Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən aparılan monitorinqi zamanı "Reklam haqqında" Azərbaycan Respublikası Qanunun 4.3-cü maddəsinin tələbinin (İstehsalı (satışı) lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda, reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir) pozulması faktları aşkarlanmışdır. Belə ki, 07 iyun 2024-cü il tarixdə, saat 20.00-da və 08 iyun 2024-cü il tarixdə, saat 08.00-da kanalın efirində yayımlanmış tibb müəssisələrinin reklam çarxlarında həmin tibb müəssisələrinin lisenziyasının və ya sertifikatının nömrələri, verilmə tarixləri və onları verən orqanın adı göstərilməmişdir.
Bununla bağlı, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən 08 iyun 2024-cü il tarixdə inzibati xətalar haqqında 2 protokol tərtib edilmiş və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəməyə göndərilmişdir. 27 iyun 2024-cü il tarixində Nəsimi Rayon Məhkəməsində işlərə baxılmış və məhkəmənin müvafiq qərarları ilə "Səhiyyə TV" MMC hər bir inzibati xəta üzrə 8000 manat olmaqla ümumi 16000 manat məbləğində cərimə edilmişdir.
16 avqust 2024-cü il tarixində Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarlarını qüvvədə saxlamış və həmin qərarlar qanuni qüvvəyə minmişdir.