Azərbaycan Respublikası Audiovizual Şurası

Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirə keçirilmişdir

 

08 avqust 2024-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, Azərbaycan Respublikası Audiovizual Şurası, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirə keçirilmişdir.

Müşavirədə açılış nitqi ilə çıxış edən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirmişdir ki, media subyektlərinin seçkilərin işıqlandırılmasındakı rolu olduqca vacibdir və onlardan böyük gözləntilərimiz var.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov çıxışı zamanı qeyd etmişdir ki, ölkəmizin siyasi mühiti üçün xarakterik olan demokratik və şəffaf seçkilərin işıqlandırılması prosesində iştirak edən media subyektlərinin peşəkarlıq funksiyasını uğurla yerinə yetirməsi üçün bütün lazımi şərait yaradılmışdır. O bildirmişdir ki, Agentlik seçki prosesini işıqlandıran media nümayəndələri ilə mütəmadi qarşılıqlı əlaqədədir və onların suallarını operativ qaydada cavablandırmaq üçün MSK ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməkdədir.

Audiovizual Şuranın sədri İsmət Səttarov qeyd etmişdir ki, seçkiqabağı təşviqat üçün ayrılan pulsuz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır. Təqdim edilən pulsuz efir vaxtı qeydə alınmış namizədlər arasında bərabər şərtlərlə və bərabər həcmdə bölünür. Pulsuz efir vaxtı daha geniş auditoriyanın baxması mümkün olan vaxtda ayrılmalıdır. Seçkiqabağı materialların efirə çıxma vaxtı və tarixi müvafiq seçki komissiyasının yayımçının nümayəndələrinin iştirakı ilə keçirilən püşkatma ilə müəyyənləşdirilir.

Mətbuat Şurasının sədri Rəşad Məcid müşavirədə parlamentə seçkilərlə əlaqədar Mətbuat Şurasında "Qaynar xətt" yaradılacağını diqqətə çatdırmışdır.

Açılış nitqlərindən sonra MSK-nın üzvləri Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqata dair ümumi tələblər, təşviqat subyektləri, onların hüquq və vəzifələri, ödənişli və ödənişsiz əsaslarla aparılan təşviqat prosesində media subyektlərinin rol və vəzifələrini əhatə edən təqdimatlarla çıxış etmişlər.

Aparıcı media subyektlərinin rəhbərləri və nümayəndələrinin bilavasitə iştirakı ilə keçirilən tədbirdə seçki prosesinin ictimailəşdirilməsi, aşkarlığın və şəffaflığın təmin olunması, habelə seçki prosesinin müxtəlif mərhələlərində peşəkar media fəaliyyətinin təşkili barədə dolğun məlumat verilmiş, mövzular ətrafında fikir mübadiləsi və müzakirələr aparılmışdır. Media subyektlərinin Milli Məclisə seçkilərdə sərbəst fəaliyyətinin daha da təkmilləşdirilməsinə və məlumatlılığının artırılmasına hədəflənən müşavirə, jurnalistləri maraqlandıran suallara aydınlıq gətirildikdən sonra öz işini yekunlaşdırmışdır.