Azərbaycan Respublikası Audiovizual Şurası

Ölkədə radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılmasına dair Sərəncamın icra vəziyyəti ilə bağlı brifinq keçirilmişdir

 

22 iyul tarixində Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi ilə bağlı aparılan işlərə dair brifinq keçirilmişdir. Brifinqdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Azərbaycan Respublikası Audiovizual Şurasının Aparat rəhbəri Fazil Novruzov, RİNN-in tabeliyində olan "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi (Teleradio İB) və Dövlət Radiotezliklər İdarəsinin, həmçinin media subyektlərinin rəhbərləri və nümayəndələri iştirak etmişlər.

Brifinq "Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli Sərəncamının icra vəziyyətinə həsr olunmuşdur. Sərəncamın məqsədi radioyayım şəbəkəsində təkmilləşdirmə işləri aparılmaqla ümumölkə radio kanallarının proqramlarının bütün ölkə ərazisində yayımının təmin olunması, bu istiqamətdə əsasən özəl yayımçılara dövlət dəstəyinin göstərilməsi, eləcə də yeni texnologiyaların tətbiqi ilə müəyyən ərazilərdə eyni radiotezlikdə radiosiqnalların qəbul imkanının yaradılması və nəticə etibarilə əhalinin yerli radio proqramlara əlçatanlığının daha yüksək səviyyəyə çatdırılmasıdır.

Çıxışlar zamanı sözügedən Sərəncamın ümumilikdə medianın inkişafı üçün böyük töhfə və radio yayımçılarına dövlət tərəfindən göstərilən ciddi dəstəyin nümunəsi olduğu bildirilmiş, brifinqin Milli Mətbuat Günündə keçirilməsinin təsadüfi olmadığı vurğulanmışdır.

Məlumat verilmişdir ki, radioyayım şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi məqsədilə nəzərdə tutulan 176 ədəd FM radioyayım ötürücüsünün, 60 dəst anten sisteminin, 48 ədəd cəmləmə qurğusunün, 67 ədəd peyk avadanlığının, 44 ədəd RDS qurğusunün xaricdən ölkəyə gətirilməsi təmin edilmiş, 17 radio-televiziya yayım stansiyası üzrə 127 yeni radiotezlik nominalı ayrılmışdır. Həmin stansiyaların əksəriyyətində avadanlıqların quraşdırılması işi başa çatdırılmış və sınaq yayımlarına başlanılmışdır. Hazırda ayrılmış radiotezlik nominallarının qonşu ölkələrlə koordinasiyası, texniki-tənzimləmə, həmçinin stansiyalarda təmir işləri davam etdirilir.

Sərəncamın icrası nəticəsində Bakı şəhəri və Abşeron yarımadası ərazisində qəbul edilən ümumölkə radio proqramlarının bölgələrdə də qəbulu mümkün olacaqdır ki, bununla da regionlarda qəbul olunan yerli radio proqramların sayı qonşu ölkələrdən daxil olan kənar FM radio yayımların sayına nisbətdə artacaqdır.

Brifinqdə, həmçinin, mövzuya dair videosüjet və təqdimat nümayiş etdirilmişdir.